KoronaVirus İnformasiya Portalı
İnsanlara zərərli ət satan “Leş Tofiq” azadlığa necə çıxdı?backend

İnsanlara zərərli ət satan “Leş Tofiq” azadlığa necə çıxdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün tonlarla yararsız, ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstəyə başçılıq edən şəxs – “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun azadlığa buraxılması barədə xəbərlər yayıldı. Əsas müştəriləri minlərlə insanın xidmətindən faydalandığı restoran, kafe və şadlıq sarayları olan şəxsin belə qısa müddətdə azad edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı.

NOCOMMENT.az xəbər verir ki, “BakuPost” bir neçə aylıq həbsdə qalan şəxsin azadlığa çıxmasının hüquqi cəhətdən nə dərəcədə doğru addım olmasını araşdırıb.

Hüquqşünas Fərhad Mehdiyev bildirdi ki, qanunvericilikdə nəzərdə tutulan sanksiyaya görə, burada 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə növündə cəza verilir. Adıçəkilən şəxsə də böyük ehtimalla 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilməli idi. Amma burada bir məqam var:

“Birincisi onu qeyd edək ki, ilk dəfə törədilən belə cinayətlərdə şərti cəza almaq mümkündür. Yəni məhkəmə onun şərti olaraq məhkum olunmasını nəzərdə tuta bilər. Bu şəxs ibtidai istintaq müddətində həbs edilib. İndiki halda həbsdən buraxılması və ya məhkum etmədən sonra da həbsə göndərilmədən şərti məhkum etmək mümkündür”.

Adıçəkilən şəxsin əvəllər məhkum olunması məsələsinə gəldikdə isə F.Mehdiyev deyir ki, məhkumiyyətin silinməsinin müddəti var. Bu isə qanuna müvaqi olaraqq 6-8 ildir:

“Bilmək lazımdır ki, o hansı növ cinayət törədib və üstündən neçə il keçib, ağırlıq dərəcəsini müəyyən etmək lazımdır. Əgər məhkumiyyətin silinmə müddəti keçibsə, şərti cəza ala bilər. Yox, bu silinmə baş verməyibsə, onda cəzanı icraya yönləndirmək daha doğrudur”.

Hüquqşünas qeyd edib ki, insanlarda onun bu əməlləri ilə bağlı qəzəbin yaranması normaldır. Amma, hazırda belə dələduzluqla məşğul olanlar çoxdur. Məsələn, bazarlarda kərə yağı adı ilə marqarin satırlar:

“Təbii ki, bu pis əməldir, onlar cəza almalıdırlar. Amma cinayət hüququ deyir ki, ilk dəfə cinayət törədən şəxslərin həbs olunmadan, azadlıqdan məhrum edilmədən islah edilməsi mümkün sayılarsa, məhkəmə tərəfindən onlara şərti cəza vermək mümkündür.

İşin ikinci tərəfi ondan ibarətdir ki, ibtidai istintaq zamanı şəxsi həbs etmək şərt deyil. Onu məhkumiyyət qərarından sonra da həbs etmək olar. Cinayət Prosesual Məcəlləsində göstərilir ki, ibtidai istintaq müddətində şəxs o vaxt həbs edilməlidir ki, onun qaçmaq, sübutları korlamaq, şahidlərə təsir göstərmək və ya eyni əməli yenidən törətmək təhlükəsi varsa, həsb edilə bilər. Belə olan hallarda şəxs üzərində həbs-qətiimkan tədbirinə yol verilir”.

Hüquqşünasın fikrincə, əslində həbs-qətiimkan tədbirinə lazımından artıq yol verilir. Adıçəkilən şəxslə bağlı qərar da bir az ictimai qəzəbi soyutmaq üçün tətbiq edilmiş tədbir idi:

“İndi onun buraxılması mümkündür. Müəyyən bir müddət həbsdə olub, bundan sonra ona şərti cəzanın verilməsi hüquqa zidd deyil. Məhkəmə hesab edirsə ki, bu şəxs eyni əməli təkarar törətməyəcək, azadlıqdan məhrum edilmədən islahı mümkündürsə, şərti cəza ala bilər. Şərti cəza alanda ona 4,5-5 il cəza verilir. Amma icraya yönləndirilmir. Özünü yaxşı aparmaq, vaxtarşırı qeydiyyatdan keçmək şərti ilə azadlıqda qalmasına yol verilir.

Şərti cəza almadan isə tam azadolma mümkün deyil. Tam azad etmə o deməkdir ki, hansısa əsaslara görə cinayət işinə xitam verilir. Burada o əsaslar yoxdur. Ən az şərti cəza verilməlidir”.

Xatırladaq ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri ötən ilin sentyabr ayında yaxalanıblar.

Mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.

Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfəli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alıbəy Rzaxanova göndərilməsini təşkil edib.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsi ilə ittiham verilib.