Azərbaycanda internetin sürəti 200 meqabit olacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.
Belə olduğu halda, qiymətlərdə artım ola bilərmi?
NOCOMMENT.az bildirir ki, açıqlama verən İKT üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, bununla bağlı birmənalı fikir söyləmək çətindir, çünki işin müxtəlif aspektləri ola bilər:
“Məntiqlə düşünəndə, əlbəttə, qiymət artımı baş verməməlidir. Sadəcə, yeni texnologiyalar daha əlçatan olmalıdır. Yəni bu gün internet sürətimiz, həm internet sürətini təmin edən avadanlıqlarımız köhnə nəsildirsə, növbəti aylar, illər üçün yeni avadanlıqlarla əvəz olunması və internetin sürətinin də müvafiq olaraq artırılması gözləniləndir. Texnoloji proseslərin gedişatıdır, mərhələsidir. Ancaq ötən dəfə də bu cür sürət artımını bazarda müşahidə edəndə gördük ki, paralel olaraq qiymət artımı da oldu. Əslində qiymət artımı olmamalıydı. Düzdür, provayderlərin hamısı qiyməti artırmadı. Yəni stabil olaraq bəzən sürəti saxladılar, ya sürəti də artırdılar, qiyməti saxladılar. Amma ümumi götürəndə 90 faiz internet xidmətini təklif edən provayderlərdə cüzi də olsa, qiymət artımı baş verdi. Ola bilər ki, infrastrukturla bağlı proseslər, qiymət artımına təsir edə bilər”.
F.Mirəliyev qeyd edib ki, İT texnologiyaları dünyada sürətlə inkişaf edir, bir avadanlığın ömrü üç-beş il ərzində qiymətləndirilir və bu illərdən sonra avadanlıq yenisi ilə əvəz edilir: “Yeni avadanlıq, köhnə infrastruktura nisbətən daha inkişaf etmiş olur. Bu baxımdan daha böyük dataları emal etmək qabiliyyətinə malik olur və ümumi prosesə müsbət töhfə verir. Ancaq bu cür infrastrukturun təkmilləşdirilməsi məcburi şəkildə həyata keçirilicəksə, düşünürəm ki, artıq bu zaman internet servis provayderlər bu məcburi dəyişikliyin qiymətini abonentlərdən çıxaracaqlar. Avadanlıq abonentlərin internet sürətini emal etmək qabiliyyətinə malik olmalıdır. Ona görə, də orada hər abonentə təqdim oluna biləcək maksimal sürət var. Ümumilikdə tənzimləyici, nəzarətçi qurumlardan sifarişlər gəlsə ki provayderlər abonentə minimum bu qədər sürət təqdim etməlidir, bu zaman həmin o provayderlər məcburi şəkildə avadanlıqlar üzrə dəyişim edəcəklər. Əslində provayderlərin özünün məsuliyyəti olmalıdır ki avadanlığı təkmilləşdirsin. Amma ola da bilər ki, həmin o avadanlığın ödənişini abonentdən qiymət artımı vasitəsilə çıxsın. Bunun da həlli yolu budur ki, digər istehlakçıların hüquqları ilə məşğul olan qurumlar, eləcə də Nazirliyin özü məsələlərə müdaxilə etsin, nəzarətdə saxlasın ki, bu proses abonentlərin ziyanına olmasın”.\\pravda.az













