“İnternet kəsilirsə, müştəri modemi söndürüb-yandırsa, düzələsi şeydir” – AÇIQLAMAbackend

“İnternet kəsilirsə, müştəri modemi söndürüb-yandırsa, düzələsi şeydir” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada hazırda internet qiymətlərinin ucuzlaşması müşahidə olunur. Bunu provayderlərimizdə də müşahidə edirik. Hətta beynəlxalq şirkətlərdə bu haqda hesabatlar var. Son iki-üç ildə Azərbaycanda internetin 30%-ə qədər ucuzlaşması müşahidə olunur. Bəs niyə biz bunu qiymət bahalaşması olaraq görürük? Məsələn, provayder şirkətlər 10 meqabit sürət interneti paket olaraq əvvəl 10 manata satırdısa, indi 12 meqabit sürəti 10 manata satmır. Buna fərqli yanaşırlar. İnternetin paket sürətini qaldırırlar, 10 meqabit əvəzinə 15 meqabit verirlər, qiyməti isə 10 manatdan 12 manata qaldırırlar. Burada cüzi qiymət artımı, xeyli miqdarda isə internet artımı müşahidə olunur. Bu, təbii ki, hər şirkətin daxilində olan maliyyə yanaşmasından irəli gəlir”. 

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib.

 

Mütəxəssis bildirib ki, Azərbaycanda internet provayderləri arasında sağlam rəqabət anlayışı yoxdur: “Əsasən ərazilər bir neçə provayder arasında bölünüb, həmin əraziyə başqa provayder gəlmir. Bunun səbəbi isə həmin sahədə çəkilən yüksək xərclərdir. Hər hansı regiona internet xətti çəkmək üçün kabellərin, avadanlıqların qiymətləri kifayət qədər yüksəkdir. Eyni zamanda mühəndis – işçi heyətinin saxlanılması xərcləri də var. Nə qədər çox müştəri olsa, bir o qədər çox mühəndis, avadanlıq və s. tələbləri ortaya çıxır. Provayder şirkətlərin gəlir qazanmaları üçün müəyyən sayda müştəriləri olmalıdır. İki provayderin işlədiyi bölgəyə giriş edən zaman üçüncü provayderin şansı daha az olur. Çünki digər provayderlər artıq qiyməti təklif edir və müştərilərin müəyyən hissəsini özlərinə cəlb edirlər. Bu kimi hallara görə bizdə çox böyük güclü rəqabət yoxdur. Bir provayder müəyyən qiymət qoyur, digərləri də həmin tendensiya ilə gedir. İkincisi, dövlət tərəfindən xüsusi tənzimlənmə siyasəti yoxdur. Bu da açıq bazar şəraitinin yaradılması deməkdir. Əslində, bir tərəfdən yaxşıdır ki, provayder kimi şirkətlərə rəqabət mühiti yaradılıb. Lakin provayderlərin yanaşması siyasətin tam şəffaf işləməsinə kömək etmir. Bu, şəxsi biznesdir. Dövlət tərəfindən tənzimlənməyə o qədər də ehtiyac olmayan bir sahədir. İnternetin xaricdən alınması da kifayət qədər xərc deməkdir. Azərbaycana internet gətirən əsas böyük provayderlərin dəyişdiyi qiymət həmin paketlərə təsir edir. Yəni provayder interneti özü istədiyi qədər  əsas provayderdən almır. Bu nüansları nəzərə alanda görə bilirik ki, internetimizin sürəti, yükləmə limitləri artıb. Lakin bir mənfi tərəfi var ki, provayderlərdə keyfiyyətin düşməsi sırf şirkət daxilində maliyyəyə qənaət etmək məqsədilə atılan addımlara görədir. Məsələn, əvvəllər bir provayderin 100 müştərisi var idisə, onlara texniki problemləri araşdırmaq üçün iki mühəndis qulluq edirdi. Avadanlığının fiziki gücü, resursu 100-150 müştəri üçün nəzərdə tutulmuşdu. Anidən artım oldu, müştəri sayı 300 nəfərə qalxdı. Avadanlıq isə maliyyəyə qənaət etmək məqsədilə dəyişilmir, yaxud mühəndis sayı artırılmır. Belə olan halda, əlbəttə, avtomatik müştərilərin narazılıqları da artır. Buna bir şey edə bilərikmi? Yeganə variant bugünkü vəziyyət üçün internet provayder şirkətini dəyişib başqasına keçməkdir. Bu isə real olaraq tam həlledici görünmür. Amma vətəndaşların başqa seçimi də yoxdur. İnternet istifadəçisi kimi deyim ki, son zamanlar internet sürətlənib. Burada vətəndaşların bir az ilkin texnologiya biliklərinin olmaması daha çox çətinliklə qarşılaşmağa səbəb olur. İnternet kəsilirsə, müştəri modemi söndürüb-yandırsa, düzələsi şeydir. Amma o bunu bilmədiyi üçün provayderə zəng edir, düşə bilmir, çətinlik yaşayır. Texniki əməkdaşlar söndürüb-yandırırlar, düzəlir. Belə hallarda ilkin məlumatlar ən azından gənc nəsildə olmalıdır. Çünki artıq  texnologiya həyatımızın bir parçasıdır. Biz onu həyatımızın hər hissəsində hiss edirik, onlarla bir yerdə yaşayırıq. 1 saat internetimiz olmayanda özümüzü dünyadan təcrid olunmuş kimi hiss edirik. Ümid edirəm, yaxın zamanlarda bu problemlər də aradan qalxar, daha sağlam rəqabət mühiti yaranar, provayder şirkətlərinin yanaşması dəyişər”.