İnterpol uşaqların cinsi istismarını ehtiva edən materialların istehsalı və yayılması ilə mübarizəyə yönəlmiş genişmiqyaslı beynəlxalq əməliyyat çərçivəsində 20 nəfərin həbs edildiyini açıqlayıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, saxlanılanlar arasında Avropa, ABŞ və Latın Amerikasından olan bir tibb işçisi və iki müəllim var.
12 ölkəni əhatə edən əməliyyat mart-may ayları ərzində İspaniya Milli Polisinin rəhbərliyi altında İnterpol və Avropol ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Belə əməliyyatın keçirilməsi təşəbbüsü İspaniya tərəfindən 2024-cü ilin sonlarında – ixtisaslaşmış polis əməkdaşlarının onlayn-patrullar zamanı messencerlərdə uşaqların cinsi istismarı şəkillərinin yayılmasına həsr olunmuş qrupları müəyyən etməsindən sonra irəli sürülüb.
İnterpol və Avropol vasitəsilə İspaniya polisi cinayəti törədənlərin yaşadığı ölkələrin səlahiyyətlilərini xəbərdar edib. İspaniyada 7 şübhəli, o cümlədən tibb işçisi və müəllim həbs edilib. Tibb işçisi Şərqi Avropada yetkinlik yaşına çatmayanlara açıq-saçıq şəkillərə görə pul ödəyib, müəllim isə müxtəlif onlayn platformalar vasitəsilə uşaqlara qarşı cinsi zorakılığa dair materialları saxlamaqda və yaymaqda ittiham olunur.
Qalan həbslər ABŞ və Avropanın digər yerlərində, o cümlədən Bolqarıstan, İtaliya və Portuqaliyada həyata keçirilib.
Hazırda dünya üzrə aparılan istintaq zamanı daha 68 şübhəli müəyyən edilib. Əməliyyat zamanı toplanan məlumatlar Amerika, Avropa, Asiya və Okeaniyanın 28 ölkəsinin hüquq-mühafizə orqanları ilə paylaşılıb