İqor Korotçenko: Qarabağ ermənilərini siyahıya almaq lazımdırbackend

İqor Korotçenko: Qarabağ ermənilərini siyahıya almaq lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qondarma “DQR”in status məsələsinə baxılmır. Bu, qiyamçı, separatçı bir qurum idi. Ermənistan silahlı birləşmələri hələ də qanunsuz olaraq orada mövcuddur, onlar təxribatın və terrorun mənbəyi kimi çıxış edir, Azərbaycanın mövqelərini atəşə tuturlar”.

NOCOMMENT xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

İqor Korotçenko vurğulayıb ki, ATƏT-in Minsk qrupu məsələsində Moskva və Bakının ümumi yanaşması var – o, birdəfəlik məhv olub.

İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupuna münasibətini də xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev də bunu çox aydın ifadə etdi və Minsk qrupuna təşəkkür yox, “əlvida” dedi. Doğrudan da, təşəkkür ediləcək bir məqam da yox idi”.

Hərbi ekspert xatırladıb ki, ATƏT-in Minsk qrupunun nümayəndələri 30 il ərzində ancaq demaqogiya ilə məşğul olub, biznes-klasda uçmaqdan və beşulduzlu hotellərdə qalmaqdan savayı bir iş görməyiblər.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu yaxınlarda apardığı danışıqlarda Minsk qrupundan, ümumiyyətlə, söz açılmayıb. O, artıq Moskva və Bakı üçün mövcud deyil. Minsk qrupu ilkin olaraq yalnız Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qeydiyyata almaq məqsədi ilə yaradılmış cansız “orqanizm” idi. Azərbaycan məsələni hərbi qələbə yolu ilə həll etdi və Ermənistanı təslim olmağa məcbur etdi.

İndi ortada yalnız bir sual var: Necə irəliyə doğru hərəkət etməli? Hesab edirəm ki, ekspertlər səviyyəsində hələ də erməni separatçılarının qaldıqları Azərbaycanın Qarabağ iqtisadi rayonunun mövcud hissəsinin Bakının nəzarətinə keçməsi üçün “yol xəritəsi”ni müzakirə etmək lazımdır”, – deyə İqor Korotçenko bildirib.

Ekspert “yol xəritəsi”nin əsas prinsiplərinin nədən ibarət ola biləcəyi məsələsini isə belə şərh edib: “Bu, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılmasıdır. Burada Moskva İrəvana müvafiq siyasi təzyiq göstərməlidir. Separatçı administrasiyaya başa salınmalıdır ki, onların vaxtı bitib və Ermənistana qayıtmaq vaxtıdır. Qanunsuz silahlı birləşmələr oradan çıxarıldıqdan və separatçı qurumların fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan administrasiyası bölgəyə gəlməli, asayişin qorunması üçün müvafiq tədbirlər görülməlidir.

Hakimiyyətin tədricən və dinc yolla ötürülməsini təmin etmək üçün Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqədə olacaq bir hüquq-mühafizə strukturu meydana çıxmalıdır.

Bundan sonra, fikrimcə, Qarabağ ermənilərinin siyahıyaalınması aparılmalıdır ki, məlum olsun – onlardan kimlər Qarabağda Azərbaycan vətəndaşı kimi qalmaq niyyətindədirlər. Bunun əleyhinə olanlar bölgəni tərk edib Ermənistana yollana, oradan da hara istəsələr, gedə bilərlər. Ardınca azərbaycanlı qaçqınların öz doğma torpaqlarına qayıtmalarına şərait yaratmaq, bütün inzibati funksiyaları Bakıya vermək və Qarabağ ərazisində iki etnik qrupun birgə yaşayışını təmin etmək lazımdır. Davamında isə Qarabağ ermənilərini fəhlə, mühəndis kimi bərpa prosesinə cəlb etmək və iqtisadi canlanma yaratmaq. Onlar soydaşlarının məhv etdiklərini bərpa etməli olacaqlar. Onlar öz əməkləri müqabilində layiqli əməkhaqqı alacaq, Azərbaycan ərazisində müəyyən perspektivlər və daha yaxşı gələcək əldə edəcəklər”.