İran ABŞ-la danışıqlardan sonra: “Bizə diktə etməyin”backend

İran ABŞ-la danışıqlardan sonra: “Bizə diktə etməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və ABŞ arasında aparılan danışıqlar “irəliyə doğru atılmış addım” olub. Bu barədə İran Prezidenti Məsud Pezeşkian bazar günü bildirib.

NOCOMMENT.az xəbər verir ki o, X sosial şəbəkəsində yazıb: “Dialoq həmişə münaqişələrin sülh yolu ilə həlli üçün bizim strategiyamız olub. Regionun dost hökumətlərinin vasitəçiliyi ilə keçirilən İran–ABŞ danışıqları irəliyə doğru bir addımdır”.

Pezeşkian vurğulayıb ki, dialoq Tehranın mübahisələrin sülh yolu ilə həlli üçün əsas yanaşması olaraq qalır. Bununla yanaşı, o xəbərdarlıq edib ki, ABŞ hərbi zərbə endirərsə, İran bunu qəbul etməyəcək.

Eyni zamanda, Omanda ABŞ-la aparılan danışıqlarda iştirak edən İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Vaşinqton İrana hücum edərsə, Tehran ABŞ ərazisinə zərbə endirə bilməsə də, regiondakı Amerika hərbi bazalarını hədəf alacaq.

“Əgər Vaşinqton bizə hücum etsə, ABŞ ərazisinə zərbə vurmaq imkanımız yoxdur, lakin regiondakı bazalarına hücum edəcəyik. Əgər onlar diplomatiyanı seçsələr, biz də eyni yolu tutacağıq. İran xalqı ilə hörmət dili ilə danışsalar, biz də hörmətlə cavab verəcəyik. Güc dili ilə danışsalar, güc dili ilə cavab verəcəyik”, – deyə Araqçi bildirib.

Nazir əlavə edib ki, İran uranın zənginləşdirilməsi hüququndan, hətta bu müharibəyə gətirib çıxarsa belə, imtina etməyəcək. Onun sözlərinə görə, ölkənin nüvə məsələsi yalnız danışıqlar yolu ilə həll edilə bilər və son təmaslar yalnız bu mövzuya həsr olunub.

Araqçi qeyd edib ki, ABŞ hərbi zərbə təhdidlərindən sonra yenidən danışıqlara qayıdıb. İran isə uranın zənginləşdirilməsini özünün ayrılmaz hüququ hesab edir. O bildirib ki, zənginləşdirmə səviyyəsi ölkənin ehtiyaclarından asılıdır və zənginləşdirilmiş uran ölkədən çıxarılmayacaq.

Nazir həmçinin İranın raket proqramı ilə bağlı danışıqların “nə indi, nə də gələcəkdə” mümkün olmadığını vurğulayıb və bildirib ki, danışıqlar prosesi təhdid və təzyiqdən azad olmalıdır.

İranın Strateji Beynəlxalq Əlaqələr Şurasının rəhbəri Kamal Xarrazi isə hesab edir ki, ölkə müstəqilliyini sarsıtmağa çalışan qüvvələrə qarşı sərt mövqe tutmalıdır.

“Amerika ilk gündən bizə qarşı düşmən münasibət bəsləyib və biz buna uyğun cavab verməliyik. Suverenliyimizi pozmaq və müstəqilliyimizi zəiflətmək istəyən düşmənlərə qarşı sərt davranmaq lazımdır. Burada ekstremizm məsələsi yoxdur”, – deyə Xarrazi qeyd edib.