İran casusları yenidən fəallaşdı – Həbslər olacaqbackend

İran casusları yenidən fəallaşdı – Həbslər olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda İran casuslarına qarşı əməliyyatlar davam edir. Dünən tanınmış din xadiminin oğlu İrana xidmət etdiyinə görə həbs edildi. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub. Şeyx Molla Əhmədin oğlu narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Bundan öncə də İrana casusluqda şübhəli bilinən şəxs hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı həbs edilmişdi. Son zamanlar İranla Azərbaycan arasında diplomatik münasibətlərin mülayimləşdirilməsi ilə bağlı atılan qarşılıqlı addımlar fonunda belə əməliyyatların artması maraq doğurur.

Mövzu ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bu cür əməliyyatların intensiv keçirilməsinə ehtiyac var:

“İranpərəst qüvvələr Azərbaycanın dövlət təhlükəsizliyi üçün real təhdid yaratmaq səviyyəsinə qədər gəlib çatıb, ona görə də bu addımlar atılır. İran-Azərbaycan münasibətlərinin qaydasına salınmasının bu məsələyə qətiyyən aidiyyəti yoxdur. Hətta hansısa bir qardaş dövlət olsa belə bizim təhlükəsizliyimizi təhdid edən qüvvənin qarşısını almalıyıq. İran uzun müddətdir ki, Azərbaycanda şiəlik adı altında öz maraqlarına xidmət edən nəhəng qüvvələr yetişdirməyə nail olub. Bunu gizlətməyə ehtiyac yoxdur. Biz bunu hökumətdən də qabaq deyirdik, çağırışlar edirdik. Əvvəllər bununla bağlı hansısa ciddi tədbir gördükdə İranın Azərbaycana qarşı hansısa ciddi təhlükə yarada biləcəyindən ehtiyat edirdik. Çünki Azərbaycanın ərazilərinin böyük bir hissəsi işğal olunmuşdu və İran Ermənistan vasitəsi ilə addımlar ata bilərdi. Qarabağ müharibəsindən sonra bu problem aradan qalxdı. İndi Azərbaycan öz ərazisində xarici dövlətlərin maraqlarını müdafiə edən şəxsləri kütləvi şəkildə həbs etməlidir və buna tam haqqı var. Təbii ki, bunların içərisində hansısa günahsız adamları da ola bilər, amma mən özüm şəxsən bilirəm ki, uzun illərdir Azərbaycanda din adı altında İrana xidmət edən insanlar yetərincədir. Hətta bunların içərisində açıq şəkildə Azərbaycan dövlətini təhdid edən, İranı müdafiə edən din xadimləri var idi”.

Sərdar Cəlaloğlu Rusiya agentlərinə qarşı da bu cür əməliyyatların keçirilməli olduğunu bildirib.

“Təbii ki, bu yalnız İranpərəstlərə aid olmamalıdır. Rusiyanın da Azərbaycandakı casus şəbəkəsi çökdürülməlidir. Çünki Rusiyanın casusları daha ciddi şəkildə kök salıb və açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan addımlar atırlar. Lakin İran daha real təhlükə olaraq göründüyü üçün bu barədə həbslər aparılır. Hətta bəzi azərbaycanlılar var ki, İrana qaçıb orada “Kərimə” dövləti yaratmaq istiqamətində işlər aparır. Bu baxımdan mən hüquq mühafizə orqanlarının bu tədbirlərini dövlətçilik baxımından düzgün hesab edirəm. İranın bununla bağlı hansısa diplomatik reaksiyasının olacağını düşünmürəm. Çünki Azərbaycan İranda heç bir kəşfiyyat fəaliyyəti aparmır və buna heç ehtiyac da yoxdur. Ola bilsin ki, İran cənubi azərbaycanlı fəallardan kimlərisə həbs edərək reaksiya verməyə çalışsın. Lakin Azərbaycanı ittiham edə biləcək hansısa ciddi fakt ortaya qoya bilməz”.