İran dağılır: etirazlar bütün şəhərlərə yayılırbackend

İran dağılır: etirazlar bütün şəhərlərə yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Məhsə Əmininin məcburi hicab qaydalarını tətbiq edən əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb.

Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Etirazlara görə bəzi mağazalar fəaliyyətini dayandırıb.

Sosial mediada Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsiblər.

BMT-nin İnsan Haqları Komitəsi Əmininin ölümü və hüquq mühafizə orqanlarının aksiyanı dağıtma cəhdlərini narahatlıqla qarşıladıqlarını bildirib.

Etirazçılar nə deyirlər?

Hökumətə əks mövqedə dayanan “1500 Tasvir” saytının yaydığı videolara görə, Tehranın mərkəzi küçələrinin birində bir qrup etirazçı ölkənin dini lideri “Əli Xameneiyə ölüm” şüarları səsləndirərkən, paytaxtın digər bölgələrində hüquq mühafizə orqanları aksiya iştirakçılarına qarşı hücumlar edib.

Digər videoda isə Tehrandakı nümayişlərə qoşulan qadınların hicab məcburiyyətinə qarşı hicablarını çıxardıqları görünür.

İranlı millət vəkili Cəlal Raşidi Koçi əxlaq polisinin ölkəyə ziyan vurmaqdan başqa bir işə yaramadığını bildirib.

Hangaw İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, ölkənin Kürdistan əyalətinin idarəetmə mərkəzi sayılan Sənəndəc şəhərində artıq üç gündür Xameneiyə qarşı şüarlar səsləndirirlər.

Əyalətin digər şəhəri Divandərədə isə etirazçılar silah səsləri arasında çevik polis qüvvələrinə daş ataraq qarşılıq veriblər. Pave, Bane, Mehabad və Rəştdə də aksiyalar keçirilib.

Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də [etnik kürdlərin yaratdığı] siyasi partiyaların çağırışlarına cavab olaraq bir çox şəhərlərdə mağaza sahibləri fəaliyyətlərini dayandırıb.

Tehran universitetində tələbələrin sentyabrın 18-dən başlatdığı nümayişlər İsfahan Universitetinə və Əmir Qəbir, Alləmə Təbatəbai və Tarbiat Modares daxil paytaxtda yerləşən bir çox universitetlərə də yayılıb.

Şahid Beheşti universitetindəki bir tədbirdə bəzi xanım tələbələr hicab qaydalarına zidd gedərək başlarını açıb, din adamlarının idarəetməsinə son qoyulmasına yönəlik şüarlar səsləndiriblər.

Kurdpa xəbər agentliyinin bazar ertəsi verdiyi xəbərə görə, etirazlar zamanı ən azı iki nəfər həlak olub, təxminən 10 nəfər isə yaralanıb.

İnternetin fəaliyyətini izləyən NetBlocks Sənəndəcdə internetdə qırılmaların olduğunu, bütün əyalətlərdə isə 3 saat yarım ərzində, ümumiyyətlə, internetin kəsildiyini müəyyənləşdirib.

Rəsmilərin münasibəti necədir?

Tehran valisi Mohsen Mansouri bazar ertəsi verdiyi açıqlamada Tehrandakı aksiyaları təşkil edənlərin “mütəşəkkil, savadlı və planlı olduqlarını” deyib.

İran parlamentinin sədri Mohammad Baqer Qalibaf isə çərşənbə axşamı səsləndirdiyi bəyanatda düşmənlərin hər zaman olduğu kimi bu hadisədən də istifadə edib, “ölkədə xaos və qarışıqlıq yaratmağı planlaşdırdığını” bildirib. O, Amini hadisəsinin araşdırılaraq, əxlaq polisinin fəaliyyətində zəruri islahatların aparılacağını qeyd edib.

Hökumətə yaxın olan medialar isə etirazçıları ittiham edib.

Dövlətin rəsmi yayım orqanı İran qəzeti bazar ertəsi günü manşetində etirazçıları “terroristlər” adlandırıb.

Fars Xəbər Agentliyi isə aksiyaları “Mahsa Amininin xatirəsinə həsr edilən tədbirlər” olaraq təsvir edib. Tasnim xəbər agentliyi və Həmşəhri internet saytı tələbələrin Amininin ölüm səbəblərinin üzə çıxarılmasını tələb etdiklərini yazıb.

Polis nə deyir?

Tehranın polis rəisi Hüseyn Rəhimi mətbuat konfransında Amininin ölüm səbəbləri ilə bağlı suallara “ölümü ilə bağlı bütün ittihamlar tamamilə yalandır” deyərək cavab verib.

Rəhimi Əmininin polis bölməsində “rəhbərlik dərsində” yerə yıxılmasını göstərən və daha əvvəl media ilə paylaşılan görüntülərin daha uzun versiyasını nümayiş etdirib, lakin bu videoda da çatışmazlıqların olduğunu qəbul edib.

Polis Əmininin ölüm səbəbini ani ürək dayanması kimi izah edib.

Polisin açıqlamasına qarşı çıxanlar isə 22 yaşlı Əmininin saxlanan zaman və ya xəstəxanaya aparılan zaman aldığı zərbə nəticəsində beyninin zədələndiyini iddia edir.

Polis rəisi Rəhimi isə “xəstəxanaya aparılan zaman heç bir mübahisə və ya müqavimət olmadığını, hətta maşının içində gülüb zarafat etdiyini və onun həyatını qurtarmaq üçün hər şey etdiklərini” bildirib.

Lakin polisin açıqlaması Əmininin atasının dedikləri ilə ziddiyyət təşkil edir. Əmininin atası Əmcad Əmini yerli Hamminah qəzetinə verdiyi açıqlamada qeyd edib ki, “xəstəxanaya aparıldığı zaman polislər həkimlərə Məhsənin küçədə tapıldığını deyiblər”.

Polisin üzərində nəzarət kamerasının olub-olmadığı ilə bağlı suala isə polis rəisi əxlaq polisinin bu cür kameralarla təchiz edildiyini, ancaq Əmini hadisəsində belə bir kameranın olmadığını deyib və səbəbi açıqlamayıb.

Əmininin ölümündən sonra əxlaq polisinin ləğv edilməsinə tələblər artarkən, Rəhimi bu xidmətin fəaliyyətini “ictimai təhlükəsizlik” səbəbi ilə müdafiə edib və polisin narkotiklərə qarşı apardığı əməliyyatları nümunə göstərib.

BBC Azərbaycanca