Avqustun 15-də keçiriləcək danışıqlarda Qəzza zolağında əldə oluna biləcək atəşkəs razılaşması İranı İsrailə qarşı kütləvi hücumdan saxlayacaq.
NOCOMMENT.az bildirir ki, bu barədə Reuters məlumat yayıb.
“Yalnız Qəzzada atəşkəs razılaşması İranı Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətliamına görə İsrailə cavab verməkdən saxlayacaq. Yaxın Şərqdə genişmiqyaslı müharibə riskinin artması səbəbindən Tehran son günlər ABŞ və digər Qərb ölkələri ilə fəal danışıqlar aparır”, – agentlik adının açıqlanmasını istəməyən üç İran rəsmisindən sitat gətirir.
Avqustun 9-da Qətər, Misir və ABŞ liderləri birgə bəyanatda Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər. Onlar İsrail və HƏMAS-ı “bütün qalan boşluqları doldurmaq və heç bir gecikmə olmadan sazişin icrasına başlamaq” üçün avqustun 15-də Doha və ya Qahirədə danışıqları bərpa etməyə çağırıblar.