İran ordusunda nə var, nə yox? – Detallı araşdırmabackend

İran ordusunda nə var, nə yox? – Detallı araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran sentyabrın 29-dan Naxçıvan sərhədi yaxınlığında genişmiqyaslı hərbi manevrlərə başlayıb.

NOCOMMENT xəbər verir ki, Azadlıq Radiosunun fars xidməti – Radio Fərda yazır ki, “Xeybər fatehləri” təlimlərinə əslində daha tez başlanıb.

Radio Fərdanın təhlili məqaləsində deyilir ki, İran Naxçıvanla sərhəd bölgələrə genişmiqyaslı döyüş birləşmələrinin və hərbi texnikanın cəmləşdirilməsinə sentyabrın 25-dən başlayıb.

Belə bir məqama diqqət yetirilir ki, bu, vaxt etibarilə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi qüvvələrinin Naxçıvanda keçirdiyi birgə manevrlərin ikinci fazasına təsadüf edir. Bu da vurğulanır ki, həmin günlərdə Azərbaycan tərəfinin hərəkətləri ilə İrandan Ermənistana yük daşımalarında problem yaranmağa başlayıb.

Məqalədə deyilir: “Bundan bir neçə gün əvvəl, sentyabrın 20-də Tehran bir neçə zirehli briqada və İnqilab Keşikçiləri Korpusunun (İİKK) quru qüvvələrinin 31-ci Aşura diviziyasının Araz çayı sahilində keçirdiyi gecə təlimi ilə Bakıya hərbi və siyasi mesaj göndərmək istəmişdi”.

Məqalə müəllifinin fikrincə bu, Azərbaycan tərəfinin yanacaq daşıyan iki təbrizli sürücünü Qafan-Gorus yolunda saxlaması ilə bağlı idi.

Manevrdən uzun hazırlıq

Xəbər verilir ki, “Xeybər fatehlərii” manevrlərində iştirak edən zirehli texnikanın və artilleriyanın əsas hissələri Poldəşt şəhəri yaxınlığında yerləşdirilib. Bir sıra başqa texnikalar habelə Maku şəhəri yaxınlığındakı Qaratəpə ərazisinə göndərilib.

Hərbi təlimlərin keçirildiyi məkan Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığındadır. Burada söhbət Naxçıvana Poldəşt və Culfa keçidləri, habelə Ermənistana Norduz keçidi, Naxçıvan-Türkiyə sərhəd keçidi və Makudakı Bazarqan keçidlərinin yerləşdiyi 50 kilometrlik zolaqdan gedir.

Qeyd olunur ki, İİKK quru qüvvələrinin 31-ci Aşura diviziyasının missiyası Azərbaycan Respublikasından Ərdəbil şəhəri və Şərqi Azərbaycan ostanına hər hansı mümkün təhlükənin qarşısının alınmasıdır. Məqalədə daha sonra “Xeybər fatehləri” manevrlərində iştirak edən hərbi texnikadan, onun döyüş hazırlığı və hazırkı vəziyyətindən bəhs olunur.

Qeyd olunur ki, hərbi təlimlərdə istifadə olunan zirehli texnika Qəzvindəki 116-cı, Zəncandakı 216-cı mexanikləşdirilmiş piyada briqadalarına və Həmədandakı 316-cı zirehli diviziyaya aiddir. Bu da bildirlir ki, bu üç briqadadan başqa, təlimlərə habelə 25-ci xüsusi qüvvələr briqadasının bir neçə vahid texnikası göndərilib.

Müəllif qeyd edir ki, İranın başqa bölgələrindən fərqli olaraq bu bölgədəki hərbi texnika kiçik modernləşdirmələrə baxmayaraq müasir döyüşlərdə istifadə üçün xeyli köhnəlib.

Bunlara misal olaraq sözügedən briqadaların silahlandığı Chieftain tanklarını və M-113 zirehli transportyorlarını göstərmək olar.

Britaniya istehsalı olan Chieftain tankları 1970-ci illərdə Qərb hərbi blokunun qüvvələrində geniş istifadə olunurdu, lakin sonradan Rusiyanın daha qalın zirehli T-72 tankının istehsalı ilə əhəmiyyətini itirmişdi.

Məsələn Chieftain tankının topu 120 mm çaplı idisə, T-72-nin topunun çapı 125 mm idi.

Bu səbəbdən də şah İranının Hərbiyyə Nazirliyi Chieftain tanklarının daha müasir modifikasiyası olan Shir-1 və Shir-2 modellərini sifariş etmişdi, lakin sonradan bu sifariş ləğv olunmuş və tanklar İrana çatdırılmamışdı.

İran tankları təlimdə

Məqalədə deyilir ki, sonradan İran-İraq müharibəsi zamanı T-72A tankları ilə döyüşlərdən zəif çıxan Chieftain tankları modernlərşdirilib və onların Azərbaycan silahlı qüvvələrində olan T-72 və T-90 tanklarına qarşı döyüş qabiliyyətinin artırılmasına çalışılıb.

Bu da vurğulanır ki, Vyetnam müharibəsi zamanəsindən qalma M-113 zirehli transportyorlarından İran ordusunda 1966-cı ildən istifadə olunur. Bu maşınlar müasir antitank raketlərinin, habelə intihar dronlarının və Türkiyə istehsalı Bayraktar TB-2 PUA-larının zərbələri qarşısında gücsüzdürlər.

İranın sözügedən üç briqadası habelə Rusiya istehsalı BMP-2 zirehli transportyorlarından istifadə edir. Qeyd olunur ki, onlar sayca M-113-lərdən az olsalar da, İranın mexanikləşdirilmiş briqadaları daha çox məhz BMP-2-lərə güvənirlər.

Məqalədə deyilir ki, İranın mobil hücum briqadalarında Toyota mülki pikaplarından istifadə olunur və bunlardan çoxuna hətta kamuflyaj boyaları çəkilməyib.

Artilleriya

Məqalədə deyilir ki, “Xeybər fatehləri” manevrlərində çox sayda artilleriya vahidi iştirak edir. Bunların bir hissəsi təlim yerinə Kraz yük maşınları ilə daşınıb. Artilleriya qurğuları əsasən 11-ci Marağa Artilleria qrupuna məxsusdur. Burada istifadə olunan Amerika istehsalı M-109 və M-110 toplarının adları çəkilir.

Müəllif qeyd edir ki, zirehli texnikadan fərqli olaraq İranın bu manevrlərdə istifadə etdiyi artilleriya Azərbaycan ordusu üzərində əhəmiyyətli üstünlüyə malikdir. Məqalədə deyilir ki, Azərbaycan silahlı qüvvələri hələ də Rusiyanın II Dünya Müharibəsi illərindən istehsal olunan 85 mm çaplı D-44 toplarından istifadə edir.

Hava hücumundan müdafiə

Müəllif yazır ki, internetdə dərc olunmuş bir neçə peyk fotosundan İran silahlı qüvvələrinin Rusiyanın Şilka antitəyyarə sistemlərindən istifadə etdiyini göstərir. Bu da qeyd olunur ki, hər biri dörd raketdən ibarət bu sistemin həm də radarları var. İran bu sistemləri 1977-1978-ci illərdə Sovet İttifaqına sifariş edib. Lakin Şilka sistemlərinin yalnız 200-ə qədəri İrana çatdırılıb. Sifariş 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra ləğv olunub. Şilka sistemlərindən əsasən ordunun zirehli və piyada birliklərinin hava hücumundan müdafiəsi üçün istifadə olunur.

Məqalədə qeyd olunur ki, Şilkanın radar sistemi hücum və intihar dronlarını “tuta” bilmir. Müəllif hesab edir ki, bu, İranın zirehli texnikasını və piyada qüvvələrini Türkiyə və Azərbaycan ordularının dron donanması qarşısında aciz qoya bilər.

Məqalədə deyilir ki, internetdə dərc olunmuş fotolardan təlimlərdə dronlarla rabitəni pozan sistemlərdən istifadə olunduğu görünür.

Hərbi-Hava Qüvvələri

Məqalədə deyilir ki, sentyabrın 27-də təlimlərə üç BH-1GG Cobra və Bell 214A Isfahan da daxil 12 helikopter qoşulub. Bu helikopterlər Kirmanşahdakı 1-ci hərbi-hava qüvvələri bazasından Naxçıvanla sərhədin 28 kilometrliyinə gətirilib.

Məqalədə qeyd olunur ki, uzun illər ordu komandanları tərəfindən səhlənkarlığa görə hərbi helikopterlər modernləşdirilməyib. İran helikopter qüvvələrinin əsas çatışmazlıqlarından biri də kifayət qədər fərdi müdafiə vasitələrinin, məsələn infraqırmızı raket azdırıcılarının, transmitterlərin və radar həyəcanının olmamasıdır. Bu avadanlıqlar olmadan helikopterlər düşmən tərəfindən asanlıqla vurula bilir.

Hərbi təlimlərin taktikası və real döyüş

Məqalədə deyilir ki, müasir döyüşdə havada üstünlüyə malik olan tərəf qalib gəlir. Hava döyüşündə üstünlüyü isə müasir qırıcılar və dronlar təmin edir. Qeyd olunur ki, qırıcılar və dronlar düşmənin radar və müdafiə sistemlərinin məhv edilməsində əsas rol oynayır.

Müəllif yazır ki, İran hərbi hava qüvvələri əməliyyat, hərbi və döyüş təyyarələrinin kəmiyyətinə görə Azərbaycandan üstün olsa da, Azərbaycanın malik olduğu İsrail istehsalı Harop və Harpy intihar dronları və başqa PUA-lar onu hər hansı hava döyüşündə daha güclü edir. Hərçənd dronlarla rabitəni pozan sistemlərdən istifadə PUA-ların uğurunu əhəmiyyətli dərəcədə azalda bilər.

Məqalədə deyilir ki, “Xeybər fatehləri” təliminin ssenariləri belə döyüş strategiyasına müasir döyüş meydanında yer olmadığını göstərir. Bu da qeyd olunur ki, hücum və intihar dronlarından istifadə olunan müasir döyüşlərdə 1960-cı illərin taktikası ilə qalib gəlmək mürəkkəbdir.

Müəllif qeyd edir ki, Azərbaycan və İran arasında münaqişə başlandığı təqdirdə əsas strateji rolu zirehli texnika və piyada qüvvələri yox, İnqilab Keşikçiləri Korpusunun qısamənzilli raketləri oynayacaq.

Niyə məhz “Xeybər fatehləri”

Belə görünür ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi manevrlər Bakı və Tehran arasında son günlərdə baş verən bir sıra təbəddülatlarla bağlıdır.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyənin Anadolu agentliyinə müsahibəsində demişdi ki, İranın Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlər keçirməsi təəccüb doğuran bir məsələdir. Prezidentin vurğulamasına görə, Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı…

İran İslam Respublikası Azərbaycan prezidentinin bəyanatına nəzakətli, lakin sərt reaksiya vermişdi. İran XİN İlham Əliyevin bəyanatlarından “təəccübləndiyini” bildirsə də, nazirliyin sözçüsü Səid Xatibzadə İranın keçirdiyi hərbi təlimlərin ölkənin təhlükəsizlyinə xidmət etdiyini xatırlatmışdı:

“Bu bir suverenlik məsələsidir və bütün bölgənin sülh və sabitliyi üçün həyata keçirilir. İranın onun sərhədləri yaxınlığında Sionist rejiminin hətta mərasim xarakterli varlığına dözümlülük göstərməyəcəyi və bu kontekstdə milli təhlükəsizliyi üçün gərəkli bildiyi hər cür tədbirləri keçirəcəyi aşkardır”.

Xatibzadə bəyantında “sionist” kəlməsinin mənasını və işlədilmə səbəbini açıqlamasa da bunu İranın Azərbaycan və İsrail arasındakı münasibətlərdən narazı olduğuna işarə kimi başa düşmək olardı.

Tarixi Xeybər döyüşü Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşün adıdır.

Bu müharibədə müsəlmanlar qələbə çalıblar. Bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər.

Şiələr xüsusilə əziz bildikləri imam Əlinin bəzi Xeybər qalalarının fəth edilməsindəki rəşadətini xüsusi qeyd edirlər. /azadliq.org