İran parlamenti fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə dair plana qarşı çıxış edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məlumatı İSNA yayıb.
Bildirilib ki, fevralın 26-da parlamentin açıq iclasında İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, məktəblərdə fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin tədrisi planı müzakirə edilib. Deputatların 104-ü sənədin lehinə, 130-u isə əleyhinə səs verib. Beş deputat bitərəf qalıb.
Bununla da İran konstitusiyasının 15-ci maddəsi pozulub.
Məlumata görə, parlamentin Təhsil və Araşdırma Komissiyasının nümayəndəsi Ehsan Əmirad ölkə məktəblərində etnik və yerli dillərdə ədəbiyyatın tədrisi layihəsi ilə bağlı deyib:
“Konstitusiyanın 15-ci maddəsində ölkənin rəsmi dili fars dilidir. Bütün rəsmi mətnlərimiz, dərsliklərimiz farscaya əsaslanmalıdır. Konstitusiyanın 15-ci maddəsində deyilir ki, məktəblərdə fars dili ilə yanaşı, etnik və yerli dillərdə ədəbiyyatın tədrisi pulsuzdur. Bu o deməkdir ki, bu plan Konstitusiyanın 15-ci maddəsinə tam uyğundur və hətta onun tələblərindən biri də ola bilər”.
Layihəyə əsasən, məktəblərdə ana dilində ədəbiyyat fənninə iki saat həsr olunmalı idi.
Xatırladaq ki, İranı Prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasının 15-ci maddəsinə uyğun olaraq məktəblərdə yerli dillərin tədris olunacağına söz vermişdi. Ancaq ötən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, bu istiqamətdə təzyiqlər artıb. Bundan əvvəl prezident Tehranda Azərbaycan mədəniyyəti həftəsində çıxışı zamanı Azərbaycan türkcəsində “Heydərbabaya salam” poemasından iki bənd söyləmişdi. Bu zaman onun çıxışını kəsərək farsca danışması tələb olunmuşdu.