13.01.2026. 11:48
İranda milli valyutanın sürətlə dəyərdən düşməsi ilk baxışdan Azərbaycana idxal olunan məhsulların, xüsusən də ərzağın ucuzlaşması kimi görünə bilər. Lakin iqtisadi mexanizm daha mürəkkəbdir və mövcud reallıqlar fonunda bu prosesin Azərbaycanda İran mənşəli məhsulların qiymətini azaltmaqdan çox, orta müddətdə artım riskini gücləndirdiyini demək olar.
Burada əsas səbəb təkcə rialın devalvasiyası yox, eyni zamanda İran iqtisadiyyatında uzun illərdir davam edən sanksiyalar, maliyyə kanallarının məhdudluğu, idxal-ixrac əməliyyatlarında yaranan əlavə xərclər və daxili inflyasiyanın sürətlənməsidir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənovun yanaşmasına görə, hər hansı ölkənin valyutasının kəskin ucuzlaşması avtomatik olaraq ixrac etdiyi məhsulların xarici bazarlarda ucuzlaşması demək deyil:
“Əksinə, belə şəraitdə istehsalçıların xərcləri daxildə sürətlə artır, çünki gübrə, qablaşdırma, logistika, enerji və hətta əmək bazarında qiymətlər inflyasiya ilə paralel yüksəlir. İran kimi sanksiyalar altında olan ölkədə isə bu xərclərə əlavə olaraq qeyri-rəsmi ödənişlər, risk haqları və valyuta çevrilməsi zamanı itkilər də artır.
Nəticədə Azərbaycan bazarına daxil olan məhsulun maya dəyəri rialın ucuzlaşmasına baxmayaraq, dollar və ya manat ifadəsində azalmaq əvəzinə sabit qalır, bəzi hallarda isə yüksəlir”.
Ekspertin sözlərinə görə, xüsusilə Ramazan ayı ərəfəsində bu təsirin daha aydın hiss olunacağı gözlənilir:
“Azərbaycanda Ramazan ayı dövründə İran mağazalarına və İran mənşəli məhsullara, əsasən xurma, quru meyvələr, bəzi ərzaq və şirniyyat məhsullarına tələbat ənənəvi olaraq artır.
Tələbin mövsümi yüksəlişi özü-özlüyündə qiymətləri yuxarı çəkən faktordur.
Buna İran daxilindəki inflyasiya, istehsalçıların mallarını daha çox daxili bazarda satmağa üstünlük verməsi və ixrac üçün əlavə risklər də qoşulduqda, qiymət artımı ehtimalı daha real görünür”.
Əkrəm Həsənovun qiymətləndirməsinə görə, əgər vəziyyət indiki kimi davam edərsə, Ramazan ayı ərəfəsində və ay ərzində İran mənşəli bəzi məhsulların qiymətlərində təxminən 5–10 faiz civarında artım mümkündür:
“Daha pessimist ssenaridə, yəni İranda etirazların dərinləşməsi, logistika və ticarət kanallarında əlavə çətinliklərin yaranması halında bu artım 15 faizə qədər də çata bilər.
Artım bütün məhsullara eyni dərəcədə aid olmayacaq, əsasən xurma və gündəlik tələbatı yüksək olan ərzaqlarda daha tez hiss olunacaq”.









