“İran rəsmisi bizə dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir”backend

“İran rəsmisi bizə dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Etibar Məmmədovu çox yaxşı tanıyıram və Etibar bəy heç vaxt əsassız söz danışmaz. Biz 5 il parlamentdə bir yerdə olmuşuq, o çox peşəkar siyasətçilərdən biridir. Etibar Məmmədovun əlində hansısa əsaslar var ki, belə deyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni yaradılıb və onun İranın şəbəkəsinə qarşı fəaliyyətində hansısa səhvlərin olması ilə bağlı məlumat məndə yoxdur. Lakin bu komitə son zamanlar yaxşı işləyir. O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinə, (QMİ) bu, artıq QHT-dir. Ola bilsin ki, dini qarşıdurma olmasın deyə, Şeyx bu məsələlərə başqa cür yanaşıb.”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Eks-millət vəkili AMİP lideri Etibar Məmmədovun Azərbaycanda İran agentura şəbəkəsinin formalaşmasında DQİDK və QMİ-nin səriştəsiz fəaliyyətinin olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, partiya sədri bu məsələdə hər 2 qurumu günahkar adlandırıb və onları yarıtmaz fəaliyyətdə suçlayıb.

C. Nuriyev xatırladıb ki, həm 1990-cı ilin yanvar, həm də İran hadisələrində Şeyx Hacı Allahşükür Paşazadə çox kəskin mövqeyini ortaya qoyub:

“Hətta 90-cı illərin yanvar hadisələrində Şeyx hər hansı bir başqa bir addım atmış olsaydı belə, onu bu məsələlərdə ittiham etmək olmazdı.

Əgər hansısa İran mollaları belə bir addım atıbsa, bu, çox yanlışdır. Amma mənə elə gəlir ki, Paşazadə ilə İranın fəaliyyəti mümkünsüzdür. Çünki 1991-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin nümayəndə heyəti Ziyad Səmədzadənin sədrliyi ilə İrana getdi ki, İran Azərbaycanın müstəqilliyini tanısın. İlk görüşdə də İran parlamenti spikerinin müavini bizə qayıdıb dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir və sizin buraya gəlməyinizi qəbul etmirik. Rəhmətlik Əsgər Məmmədov çox kəskin etirazını bildirdi. Birinci görüş də qarşıdurma ilə gündəmə gəldi. İran çox dirənmişdi, çünki onlar Allahşükürü sevmirdilər”.

Müsahibimiz aydınlaşdırıb ki, bu gün Azərbaycanda İran agentura şəbəkəsinin kök salmasının günahkarı nə Qafqaz Müsəlmanı İdarəsidir, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

“Bunun səbəbkarı Milli Təhlükəsizlik Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Xüsusilə, Eldar Mahmudovun dövründə bunlar Azərbaycanda hər şeyi etdilər. Həm vəhhabilik o vaxtı ölkədə gül-çiçək açdı, həm də şiəlik təriqəti bu şəkildə formalaşdı. Azərbaycanda İslam Partiyasının formalaşması və s. amillər də MTN-nin günahıdır. Allahşükür kim idi axı?! Allahşükür onları həbs edəcəkdi?!

Hər kəsin fikrinə hörmətim var, amma Etibar Məmmədovun bu məsələdə iki qurumu ittiham etməsi mənim üçün bir qədər anlaşılmaz qaldı. Məndə belə bir məlumat yoxdur. Yenə deyirəm, bunun səbəbi MTN-nin son 30 ildəki yarıtmaz fəaliyyəti olub. İndi DTX bir az fəallaşıb. Kəşfiyyat və əks-kəşfiyyat ayrılandan sonra bu məsələlər gündəmə gəlib”.

Mütəxəssis sual edib ki, əgər bir ölkənin kəşfiyyat idarəsində 20-yə qədər İran agenturasının adamı var idisə, Allahşükür, yaxud Mübariz Qurbanlı bunu harada bilə bilərdi:

“Məncə, bu müqayisə çox uğursuzdur. Çünki biz əsas adamların adını çəkmirik. Hansı ki, bu işdə məsuliyyət daşıyıb. Onlar bu işləri görməyiblər, indi bu işdə əlində heç bir şəbəkəsi və ordusu olmayan qurumları günahkar görürlər. Bu qurumlar İranın casus şəbəkəsinin ölkədə formalaşmasında məsuliyyət daşıya bilməz”.

“Azərbaycanda sovet vaxtı 2 ölkənin konsulluğu olub. Biri İran, biri də Türkiyə. Hər bir dövlət də konsulluğunda öz diplomatlarından agentura şəbəkəsi kimi istifadə edir. Bu günə qədər İranın Azərbaycanda yaratdığı şəbəkə məhz indi dağıdıldı. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə İranla bağlı axundların hamısını dəyişdilər”.