İran və Rusiyanı üz-üzə qoyan Zəngəzur dəhlizi: Azərbaycanın “B” variantı – TƏHLİLbackend

İran və Rusiyanı üz-üzə qoyan Zəngəzur dəhlizi: Azərbaycanın “B” variantı – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionla bağlı əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Çünki perspektivdə Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq mühitinin təmin olunması baxımından mühüm rol oynayır. Bu, nəinki regional, həm də qlobal əhəmiyyətli layihədir. Təsadüfi deyil ki, bir çox geosiyasi aktorlar da Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirlər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bölgə ölkələrindən isə Türkiyə və Rusiyanın da bu məsələdə mövqeləri Azərbaycanla eynidir. Həm rəsmi Ankara, həm də Moskva başa düşür ki, Zəngəzur dəhlizinin açılması region üçün nəinki iqtisadi, həm də siyasi dividentlər vəd edir. Bu, həm də regional təhlükəsizlik üçün mühüm amildir.

İran isə Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir. Bəlkə də bunun səbəbi odur ki, İran kommunikasiya xətlərinin məhz öz ərazisindən keçməsini istəyir.

Hələ ki, Ermənistanın mövqeyi dəyişməzdir. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasını istəmir və bunu öz təhlükəsizliyinə təhdid kimi görür. Qeyd etmək lazımdır ki, Ermənistanın ritorikasında İranın da müəyyən rolu var. Əgər perspektivdə Tehran yanaşmasını dəyişərsə, bu, İrəvan üçün psixoloji təzyiq vasitəsi olacaq və o, təklənəcək.

Bütün bunlar öz yerində. İndi toxunmaq istədiyimiz məqam Zəngəzur dəhlizinin İranla Rusiyanı üz-üzə qoymasıdır. Belə ki, bir çox hallarda bir-birini dəstəkləyən və xüsusilə, Ukraynadakı müharibə, həmçinin Qərbin təzyiqləri fonunda əməkdaşlıqlarını gücləndirən rəsmi Tehranla Moskvanın mövqeləri bu məsələdə tamam fərqlidir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu günlərdə demişdi ki, rəsmi Moskva bu məsələ ilə bağlı Tehrana bütün lazımi izahatı verib.

“Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, – Zaxarova deyib.

Onun sözlərinə görə, bu məsələ Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələri ilhamlandırıb. “Bu cür təxribatların arxasında duranlar bunu Qərbin maraqları naminə, işarə gələndən sonra edir”, – o bildirib.

Bundan əvvəl isə KİV-də Rusiyanın Tehrandakı səfirinin Azərbaycanın əsas hissəsi ilə eksklavı – Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi layihəsini dəstəklədiyinə görə İran XİN-ə çağırılması ilə bağlı məlumatlar yayılmışdı.

İran mediasında qeyd olunur ki, İslam Respublikası bu nəqliyyat marşrutunun yaradılmasına qarşıdır, çünki Tehran Ermənistana birbaşa çıxışını itirə bilər

Zəngəzur dəhlizinin Rusiya ilə İranı qarşı–qarşıya qoyması Türkiyə KİV-ində də geniş müzakirə olunur. Belə ki, Türkiyə mediası bu günlərdə tərəflərin məsələ ilə bağlı mövqelərinə təsir edən məqamları aydınlaşdırmışdı: “Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ isə İranın regional mənada geosiyasi nüfuzunun azalması ilə bağlıdır. Həmçinin, Türkiyə ilə Mərkəzi Asiyadakı Türk dövlətləri arasındakı əlaqədə İran faktoru indiki kimi təsirli olmayacaq. Növbəti məqam İranın Ermənistanla sərhəddəki nəzarət imkanlarının məhdudlaşmasıdır”.

Qeyd olunub ki, bütün bunlar İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə təsir edir: “İran Ermənistanla diplomatik əlaqələrinin güclənməsinə töhfə verəcək addımlar atır. Buna misal olaraq, İranın Ermənistanın Qafan rayonunda konsulluq açmasını və Ermənistanın Təbrizdə konsulluq açmasını planlaşdırmasını göstərmək olar”.

Həmçinin, vurğulanıb ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Kremlin prioriteti Ermənistanla Qərbin əlaqələrini nəzarət altına almaqdır. İrəvanın son vaxtlar Fransa başda olmaqla Avropa ilə qurduğu hərbi əlaqələr bu dövlətin Rusiyanın təsirindən çıxdığını göstərir”.

İddia olunur ki, baş verənlər İran-Rusiya münasibətlərinə təsir edə bilər.

Hazırda Ukraynada davam edən müharibə ilə əlaqədar İran Rusiyanın əsas silah tədarükçüsüdür. İran Rusiyaya xüsusilə yerli istehsal olan “Shahed” PUA-ları verir. Tərəflər, həmçinin təhlükəsizlik, müdafiə sənayesi sahəsində də ciddi əməkdaşlıq edir, xarici siyasət kurslarını uyğunlaşdırmağa çalışırlar.

Əslində, indiki mürəkkəb geosiyasi məqamda Rusiya və İran bir–biri üçün vacib partnyorlardır. Amma ehtimal etmək olar ki, əgər Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında fikir ayrılığı davam edərsə, bu, öz növbəsində ikitərəfli münasibətlərə də təsir edəcək. Bu isə nə Moskvaya sərf edir, nə də Tehrana.

Görünən odur ki, Zəngəzur dəhlizi həm Rusiya, həm də İran üçün strateji əhəmiyyətli məsələdir.

Onu da deyək ki, İranın bu məsələ ilə bağlı radikal mövqeyi bu dövlətin özü üçün bumeranq effekti verə bilər. Çünki bu, perspektivdə Türkiyə ilə ikitərəfli münasibətlərin perspektivi üçün də yaxşı nə isə vəd etmir. Üstəgəl, nəzərə almaq lazımdır ki, Qərb hər nə qədər Cənubi Qafqazla bağlı riyakar mövqə sərgiləsə də, İrana təzyiq üçün bir bəhanə axtarır. Bu mənada, rəsmi Tehranın Zəngəzur dəhlizi ilə radikal mövqeyindən istifadə edilməsi mümkündür.

Baş verənlər ciddi qlobal proseslərdir. Amma bunlar Azərbaycanı o qədər də narahat etməməlidir. Birincisi, ona görə ki, Ermənistan və İran hazırkı ritorikalarını davam etdirərlərsə, gələcəkdə Azərbaycan davam edən hərbi təxribatlara cavab olaraq dəhlizi hərbi yolla da aça bilər. Moskvanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olması belə düşünməyə əsas verir ki, perspektivdə güc tətbiqi Rusiyanı narahat etməyəcək.

İkincisi isə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə daha əvvəl söyləmişdi ki, İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görülür. Yəni əgər Zəngəzur dəhlizi açılmazsa, Azərbaycan “B” variantından istifadə edəcək.

Beləliklə, qlobal güclərin Zəngəzur savaşı Azərbaycana, demək olar, təsirsiz ötüşəcək.