Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi çıxış edib. Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir:
“İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.
Bəqayinin açıqlamasına iki istiqamətdə yanaşmaq olar. Birincisi, İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişib, prosesə texniki məsələ kimi yanaşır.
İkincisi, İran dəhlizlə bağlı ənənəvi mövqeyini möhkəmləndirməyə çalışır, lakin bu məsələnin siyasi rəqabətə çevrilməməsini istəyir. Bu, həm də daha çox İranın özünəxas balanslı yanaşmasının təkrarı kimi də dəyərləndirilə bilər, lakin Tehran bunu əvvəlki bəyanatlardan fərqli olaraq, daha yumşaq formada çatdırır.
İranın Türkiyə ilə danışıqlara başlaması isə tərəflərin qarşılıqlı anlaşma əldə etməsini təmin etmək məqsədini güdür.
NOCOMMENT.az xəbər verir ki, mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İran rəsmisinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamada heç bir yumşalma sezilmir, tam əksinə, məsələni gündəmdən çıxarmaq üçün guya onun siyasi yükünün olmadığını dilə gətirir:
“Yəni problemi olduğundan daha kiçik göstərməklə, bir növ diplomatik iz azdırma metodundan istifadə edir. Bunun da yumşaldıcı mövqe kimi göründüyünü hesab edərək, ardınca da güc göstərməyə çalışır. Deyir ki, İranın mövqeyi sabitdir, kommunikasiyaların açılmasının əleyhinə deyilik, amma ölkələrin suveren hüquqları da qorunmalıdır. Bu, əslində, yenidən Ermənistanı müdafiə etməkdir”.
“Nədənsə 30 illik işğal dövründə heç bir İran rəsmisi bir dəfə bəyanat vermədi ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir, ölkələrin ərazi bütövlüyü təmin olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bizim “qırmızı xətt”imizdir və. s. Amma çox təəssüf ki, Ermənistan torpaqları bu gün işğala məruz qalmaya-qalmaya İran kommunikasiyaların açılmasını Ermənistanın suveren hüquqlarının və ərazi bütövlüyünün pozulması kimi qələmə verməyə çalışır. Ona görə də hesab edirəm ki, İranın mövqeyində heç bir yumşalma yoxdur”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, İran belə bəyanatlar verməklə diplomatik manipulyasiyalar edir:
“İran Yaxın Şərqdə Türkiyənin gücünü artırması və özünün də Suriyada, Livanda mövqelərini itirməsindən irəli gələn gücsüzlüklə nəyəsə nail olmağa çalışır. Amma hesab edirəm ki, bu məsələdə qardaş ölkənin mövqeyi prinsipial olacaq və Azərbaycanın mövqeyi mütləq nəzərə alınacaq. Çünki iki ölkə sinxron hərəkət etmək qabiliyyətlərini və vahid maraqdan çıxış etmək imkanlarını dəfələrlə sübut edib. Ona görə də Tehranın bu bəyanatının əvvəlki bəyanatlardan heç bir fərqi yoxdur, sadəcə, təlaş içərisində Cənubi Qafqazda da mövqelərini tamamilə itirmək qorxusu ilə belə bir pərdələyici bəyanatla çıxış edir. Bu baxımdan, İranın, əslində, regionda sülh və kommunikasiyaların açılması ilə bağlı yanaşması, bunu istəməməsi maksimum ifşa olunmalıdır”.