İrana getməyin – XƏBƏRDARLIQbackend

İrana getməyin – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana edib, martın 4-dən bəri ondan xəbər almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) F.Səfərlinin itkin düşməsi ilə bağlı İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və Tehranın müəmmalı duruma aydınlıq gətirməsi tələb olunub.

NOCOMMENT.az-ın məlumatına görə, XİN vətəndaşlarımızı İrana səfər etməməyə çağırıb: “Bu il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb”.

Siyasi şərhçi Elxan Şahinoğlu da İrana səfərlərin təhlükəli olması barədə sosial şəbəkə hesabında status paylaşıb və hazırda vəziyyətin gərgin olduğunu diqqətə çatdırıb.

“Ötən ilin noyabrında yazmışdım ki, Azərbaycan vətəndaşlarının indiki həssas məqamda İrana səfərləri məqbul deyil, təxirə salmalarına ehtiyac var. Mən bunu yazanda Azərbaycanın İrandakı səfirliyinə hələ hücum olmamışdı. İki ölkə arasındakı münasibətlər ötən ilkindən də gərgindir. İranda Azərbaycan vətəndaşının müəammalı şəkildə yoxa çıxması yenidən bu mövzunu aktuallaşdırıb. Quru sərhədi qapalı olsa da, təyyarə reysləri mövcuddur, üstəgəl Gürcüstan üzərindən də İrana gedənlər haqqında məlumat var. İranda sentyabr ayından başlayan küçə yürüşləri və etirazlar davam edir. İrandakı rejim baş verənlərdə “xarici iz” axtarır, şübhələndikləri istənilən xarici ölkə vətəndaşını həbs edirlər. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin bir daha İrana səfərin təhlükəli olmasıyla bağlı vətəndaşlara müraciət etməsinə ehtiyac var”, – E.Şahinoğlu vurğulayıb.