İranda hər 6 saatda bir məhbus edam edilir.
NOCOMMENT.az xəbər verir ki, İran İnsan Haqları Monitorinq Mərkəzi məlumat verib ki, 2024-cü il may ayının ilk ongünlüyündə İranın Məhkəmə Sistemi ölkə zindanlarında 40 məhbusu dar ağacından asıb.
Məlumata görə, İranda hər gün orta hesabla 4 məhbus dar ağacına gedir, bu isə o deməkdir ki, hər 6 saatda bir məhbus edam olunur.
Bu, aprelin ilk ongünlüyü ilə müqayisədə edamların sayının 160 faizə yaxın artdığını göstərir.
Edam olunanlar arasında siyasi və qadın məhbuslar da olub. Bu ay edamların 90%-dən çoxu gizli şəkildə həyata keçirilib və İranın heç bir rəsmi media qurumu, o cümlədən Ədliyyə-Məhkəmə Sistemi tərəfindən məlumat verilməyib.
Bildirilib ki, edam hökmləri daha çox Urmiya, Simnan, Kerman, İsfahan, Qum, Kermanşah, Zəngan, Təbriz, Qəzvin, Şiraz və Ərdəbil şəhərlərinin həbsxanalarında baş tutub.
Qeyd olunub ki, edam hökmü icra edilənlərin 60%-i narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.