İranda əhaliyə yod paylanır – Nə baş verir?backend

İranda əhaliyə yod paylanır – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda radiasiya təhlükəsinə qarşı yod tabletlərinin paylanmasına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Buşehr Tibb Elmləri Universiteti yayıb. Bildirilib ki, xüsusilə Buşehr şəhərində yerləşən atom elektrik stansiyasının ətraf ərazilərində yaşayan əhali üçün yod tabletlərinin paylanması prioritet təşkil edib.

Qeyd olunub ki, Böhran Vəziyyətlərinin İdarə Edilməsi Qərargahının qərarına əsasən, bölgədə ümumilikdə 180 min ədəd həb paylanıb.

Məlumata görə, bu addım mümkün radiasiya hallarında əhalinin qorunması məqsədi daşıyır. Belə ki, radiasiya qəzaları zamanı radioaktiv yodun orqanizmə daxil olmasının qarşısını almaq üçün kalium yodid tərkibli həblərdən istifadə edilir. Bu preparatlar tiroid vəzini yodla doyuraraq radioaktiv maddələrin mənimsənilməsini əngəlləyir.

Eyni zamanda bildirilib ki, yod tabletlərinin qəbulu vaxt baxımından xüsusi əhəmiyyət daşıyır. Preparatın radiasiya hadisəsindən 24 saat əvvəl və ya ən gec 4 saat sonra qəbul edilməsi tövsiyə olunur.

Dozaların yaş qruplarına görə fərqli olduğu qeyd edilib. Belə ki, bir aydan kiçik körpələr üçün tabletin səkkizdə biri, bir aydan üç yaşa qədər uşaqlar üçün dörddə biri, üç yaşdan 12 yaşa qədər uşaqlar üçün yarısı, 12 yaşdan yuxarı şəxslər üçün isə bir tam tablet nəzərdə tutulur.

Rəsmi açıqlamada bu tədbirin ehtiyat xarakteri daşıdığı və əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəldiyi vurğulanıb.