İranın tanınmış ictimai xadimi, məhbus hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi 190 min dollar məbləğində girov qarşılığında səhhəti ilə əlaqədar tibbi məzuniyyətə buraxılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili bildirib.
Vəkilin sözlərinə görə, məhbus Nobel mükafatçısı bu yaxınlarda cərrahiyyə əməliyyatı olunub.
Məlumata görə, Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili onun bu yaxınlarda əməliyyat olunduğunu da açıqlayıb.
Bildirilib ki, Evin həbsxanasında saxlanılan jurnalist Vida Rəbbani Nərgiz Məhəmmədinin sağlamlıq durumuna diqqət yetirilməməsinə etiraz olaraq aclıq aksiyası keçirib.
Noyabrın 27-də BMT-nin Faktaraşdırıcı Müstəqil Komitəsi məhbus, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədinin qeyd-şərtsiz təcili sərbəst buraxılmasını tələb etmişdi. Komitə Nobel mükafatı laureatının fəaliyyəti, həbsi və təqibi ilə bağlı yaydığı hesabatda bildirmişdi: “Alınan məlumatlara görə, həbsxana rəhbərliyi dəfələrlə Nərgiz Məhəmmədiyə əsas tibbi xidmətdən imtina edib”.
BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi May Sato da X sosial media səhifəsində Nərgiz Məhəmmədinin vəziyyəti və onun cərrahiyyə əməliyyatından iki gün sonra həbsxanaya qaytarılması ilə bağlı dərin narahatlığını vurğulamışdı.
O, hüquq müdafiəçilərinin, o cümlədən qadın hüquq müdafiəçilərinin azad edilməsi, məhbusların vaxtında və lazımi tibbi yardımdan istifadə etməsi ilə bağlı İslam Respublikasına müraciət edib.
Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. O, hazırda “İran əleyhinə təbliğat aparmaqda” ittiham olunaraq bir il müddətinə azadlıqdan məhrum edilib.
Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
Qeyd edək ki, N.Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, fəaliyyəti dövründə ümumilikdə 16 il müddətinə azadlıqdan məhrum edilib.
N.Məhəmmədi 2022-ci il üzrə “Sərhədsiz Reportyorlar” Təşkilatının “Cəsarət Mükafatı”, 2023-cü ilin yanvarında isə Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı ilə təltif edilib.