İranda su böhranı dərinləşir: Son 60 ilin ən quraq dövrü – Təxliyələr gündəmdəbackend

İranda su böhranı dərinləşir: Son 60 ilin ən quraq dövrü – Təxliyələr gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranda paytaxt Tehran da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yağışların uzun müddətdir az olması və su anbarlarında doluluq səviyyəsinin enməsi səbəbilə rəhbərlik su idarəetməsi çərçivəsində müxtəlif məhdudiyyətləri gündəmə gətirib.
NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki,  İranda yeni su ilinin başlanmasından 40 gündən çox zaman keçsə də, ölkənin böyük hissəsi ciddi quraqlıqla mübarizə aparır. İran Meteorologiya Qurumunun məlumatına görə, 2025 payızı son 60 ilin ən quraq dövrü kimi qeydə alınıb və Tehran da daxil olmaqla 20 əyalətdə demək olar ki, heç yağış düşməyib.
Tehrana su verən anbarlar həyacanı siqnalı verir
Enerji Nazirliyinin açıqlamasına görə, ölkə üzrə anbarların orta doluluq səviyyəsi uzunmüddətli göstəricilərin 35 faiz aşağısındadır. Tehrana su təmin edən Emir Kəbir anbarında cəmi təxminən 14 milyon kubmetr su qalıb ki, bu da ümumi tutumun 8 faizi deməkdir. Bu qədər su paytaxta iki həftədən az içməli su təmin edir.
Latyan anbarının də noyabr sonuna qədər oxşar vəziyyətə düşəcəyi bildirilir. Beş əsas anbardan yalnız Talexan qismən fəaliyyət göstərir. Meteorologiya Qurumuna görə, ölkə üzrə illik orta yağış həcmi 152 millimetr civarındadır və bu rəqəm uzunmüddətli ortalamanın 40 faiz aşağısına düşüb.
Tehranın bəzi məhəllələrində su axını həftədə iki gecə (adətən saat 21:00 ilə 06:00 arasında və ya 23:00 ilə 01:00 arasında) kəsilir. Şəhərin su təchizatı şirkətləri bunu “müvəqqəti şəbəkə kəsilməsi” kimi təsvir etsələr də, bu təcrübə faktiki olaraq paylama sisteminə çevrilib.
“Yağış yağmasa şəhər təxliyə edilə bilər”
Prezident Məsud Pezeşkian, yağışların gecikməsi halında “Tehranda məcburi su məhdudiyyəti və hətta bəzi bölgələrdə müvəqqəti təxliyə” variantının gündəmə gələ biləcəyini deyib. Onun “Yağış yağmazsa Tehranı təxliyə etməliyik” sözləri ölkədə geniş reaksiyaya səbəb olub.
Payızın ilk yarısında heç yağış düşməyən əyalətlər arasında Tehran, Merkezi, Kirmanşah, Huzistan, Fars, Kirman, İsfahan, Sistan və Bəlucistan, Kürdistan, Həmədan, Çaharmahal və Bəxtiyari, Loristan, İlam, Kohgiluyə və Buyer Əhməd, Buşehr, Zəncan, Yəzd, Hörmüzqan, Qum və Cənubi Xorasan yer alır. Bu bölgələrin çoxunda yeraltı su səviyyələri də kritik həddə düşüb.
Məşhəddə anbarlarda su 3 faizdən də aşağıdır
Tehranla yanaşı, böhrandan ən çox təsirlənən şəhərlərdən biri də Məşhəddir. Məşhəd Su və Kanalizasiya Şirkətinin rəhbəri Hüseyn İsmailian, şəhərə su verən anbarlarda ehtiyatların 3 faizdən də aşağı endiyini bildirib və suya qənaətin artıq “tövsiyə deyil, məcburiyyət” olduğunu vurğulayıb.
Su Dərnəyinin İdarə Heyəti üzvü Hüseyn Nayeb də “Effektiv yağışlar olmadığı müddətcə amnbarlar dolmaz. Gələn həftələrdə kəsintilər artacaq, təzyiq daha çox düşəcək” deyib.
Xacə Nəsrəddin Tusi Universitetinin Su Bölümü üzrə müəllimi Məhəmməd Rza Kavianpur isə ölkənin şimal və qərbində də yağış azalmasının davam edəcəyini, dekabrın ortalarınadək ciddi yağış gözlənilmədiyini bildirib.
Meteorologiya Qurumunun məlumatına görə, sabahdan etibarən yağışlı hava qərb bölgələrində yüngül və orta dərəcəli yağışlar gətirə bilər.
Rəsmi qurumlardan təcili qənaət çağırışı
Aşağı təzyiq səbəbilə minlərlə ailə evlərinə su nasosu və su çəni quraşdırıb. Əvvəllər yalnız paytaxtın cənubunda görülən bu tədbir artıq demək olar bütün Tehrana yayılıb.
Tehranda şəbəkə suyu itkisi təxminən 25 faiz səviyyəsindədir. Yalnız tikinti sektorunda ildə 30 milyon kubmetr içməli su istifadə olunduğu bildirilir. Şəhərin yenilənə bilən su potensialı 335 milyon kubmetrdir ki, bu da ölkə ortalamasından xeyli aşağıdır.
Enerji naziri Abbas Əliyebadi, Lar bəndindən təcili su köçürülməsi üçün infrastruktur işlərinin davam etdiyini açıqlayıb. Prezidentin birinci müavini Məhəmməd Rza Arif isə adambaşına gündəlik su sərfiyyatının 250 litrədək yüksəldiyini bildirərək “Avropada bu göstərici 100 litrin altındadır. Xalqın iştirakı olmadan böhran aşılmaz” deyib.
Mütəxəssislərə görə, böhranın səbəbi yalnız quraqlıq deyil; illərdir davam edən su idarəetmə səhvləri, səmərəsiz kənd təsərrüfatı suvarması, yeraltı suyun həddindən artıq istifadəsi, şəhərləşmənin yüksəlməsi və iqlim dəyişikliyi də uzunmüddətli su stresini dərinləşdirib.
İran İqlim Elmləri Mərkəzinin təxminlərinə görə, dekabrın ortalarınadək güclü yağış gözlənilmir. Bu müddətdə mövcud məhdudiyyətlərin daha da sərtləşməsi ehtimalı yüksəkdir. Rəsmilər, təcili istehlak idarəetməsi olmadan qış aylarında genişmiqyaslı su kəsintilərinin qaçılmaz olduğunu bildirir.