backend

İrandakı soydaşlarımız ETİRAZA QALXIR: Tehrana bir həftə vaxt verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran-Azərbaycan münasibətlərində soyuqluq davam edir. Son günlər Gorus-Qafan yolunda yaşanan məlum hadisələrdən sonra İran tərəfi nəinki özünü günahkar hesab etmir, hətta bir çox addımlarla Azərbaycana qarşı qərəzini açıq şəkildə göstərir.

İranın ölkəmizə yönəlik qeyri-konstruktiv mövqeyi, işğalçı Ermənistana dəstəyi bu ölkədə yaşayan soydaşlarımızı ciddi narahat edir. Sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlılar İrana sentyabrın 27-nə – Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Həmyerlilərimiz rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən üz döndərməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəhbərliyinə etiraz edəcəyi bildirilir. İranda yaşayan azərbaycanlı fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını deyirlər.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyi (AYB) Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz bildirib ki, Azərbaycan-İran münasibətləri heç vaxt həqiqi dostluq, qarşılıqlı etimad üzərində qurula bilməz:

“İran ərazisində tarixi torpaqlarımız var, xalqımızın, ziyalılarımızın bu torpaqlara tarixdən doğan mənəvi haqq kimi iddiası göz önündədir. İranda 45 milyon soydaşımız yaşayır, eyni dili, tarixi, mədəniyyəti paylaşırıq. O soydaşlarımızın ümidi, nuru Azərbaycan dövlətidir. İranın bunlarla barışacağını, Azərbaycanla həqiqətən dost kimi yan-yanan dayanacağını düşünmək sadəlövhlük olar. İran-Azərbaycan dostluğu bir şərtlər altında heç zaman möhkəm ola bilməz”.

Sayman Aruz xatırladıb ki, İranda yaşayan soydaşlarımız hər zaman Azərbaycanla bağlı mövzularda öz münasibətini bildiriblər:

“Azərbaycanlılar etirazlarla, küçələrdə aksiyalar keçirməklə, sosial şəbəkələrdə trendlər yaratmaqla mövqeyini ifadə edirlər. Bu gün də vəziyyət davam edir və hətta durum günü-gündən şiddətlənir. Mən özüm ötən günlərdə onlayn konfransa iştirak edirdim. Orada Zəngəzur dəhlizi və Azərbaycanın tarixi torpaqları məsələsi qaldırıldı, bunun təkcə dövlətin deyil, ümumilikdə Azərbaycan xalqının istəyi olduğu vurğulandı. Azərbaycanlılar bu məsələdə israrlıdır. Zəngəzur dəhlizi bütün Azərbaycan xalqına lazımdır. İranın Azərbaycana göstərdiyi aqressiv münasibətləri bütün azərbaycanlılar qınayırlar. Lazım gələrsə, soydaşlarımız hər tərəfli – istər etiraz aksiyaları ilə, istərsə də bir Azərbaycan əsgəri kimi Azərbaycan dövlətinin və maraqlarının arxasında dayanacaqlar. Artıq o dövr deyil ki, kimsə Azərbaycana qarşı hərbə-zorba dili ilə danışa bilsin. Bu məsələdə hamımız həmrəyik, birik. Azərbaycana qarşı yönələn bir gülləyə belə ciddi şəkildə cavab veriləck. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpası, Zəngəzur dəhlizi soydaşlarımızın milli məsələsidir və onlar bütün problemlərin həllini tələb edirlər”.