İrandan Azərbaycana dərmanlanmış şüyütlərin gətirildiyi iddia edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, bəzi sahibkarlar sözügedən məhsulu rüşvət müqabilindən gömrükdən keçirir. Məlumata görə, biznesmenlər bunun üçün 8-9 min manat ödəniş edirlər.
Xaricdən idxal olunan qida məhsullarının, xüsusən də göyərtilərin keyfiyyətinə necə nəzarət edilir? Bu cür məhsullar həqiqətən təhlükə mənbəyi sayıla bilərmi?
NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, son dövrdə bütün meyvə-tərəvəz, göyərti, quru meyvələr müxtəlif kimyəvi maddələrin təsiri ilə yetişdirilir və saxlanılır:
“Məqsəd məhsulun xarab olmaması və satışa yararlı qalmasıdır. Lakin bu kimyəvi tərkibli maddələr insan orqanizminə zərər verir, uzunmüddətli istifadə nəticəsində xərçəng, mədə-bağırsaq pozğunluqları, ürək-damar xəstəlikləri və digər ciddi problemlərin yaranmasına səbəb olur. Bunun hansı ölkədən gətirilməsinin artıq fərqi yoxdur, istər idxal olunan, istərsə də yerli istehsal məhsulları eyni üsullarla emal edilir. Bu, kapitalist sistemin əsas mahiyyətinin, yəni qazancın səhhətimizdən üstün tutulmasının nəticəsidir. Yalnız kommersiya maraqları güdülür. Nəticədə cəmiyyət tədricən zəhərlənir, xəstəliklərin sayı artır, dərmanlara tələbat çoxalır və yaşama müddəti qısalır. Artıq uşaqlar da cəmi iki-üç yaşında müxtəlif ağır xəstəliklərə tutulurlar”.

Sosioloq bildirib ki, bəzi ölkələrdə qida təhlükəsizliyinə ciddi nəzarət sistemləri qurulub:
“Laboratoriyalar fəaliyyət göstərir, məhsulların həm idxal, həm istehsal, həm də satış mərhələlərində yoxlanması həyata keçirilir. Təəssüf ki, Azərbaycanda belə sistem mövcud deyil. Qida təhlükəsizliyinə nəzarət mexanizmi demək olar ki, sıfır səviyyəsindədir. Məhsulların keyfiyyəti, tərkibi və istehsal şəraiti yoxlanılmır. Satıcılar meyvələrin üzərinə parafin və digər maddələr çəkir, parlaq görünməsi üçün göyərtilərə kimyəvi spreylər vururlar. Beləliklə, vətəndaşlar aldadılır və zəhərli məhsulları təhlükəsiz qida kimi qəbul edirlər. Bu hallar nəzarətsizlik və məsuliyyətsizlik ucbatından kütləvi xarakter alıb. Ölkədə “Qida Təhlükəsizliyi Agentliyi” adında qurum mövcuddur, lakin fəaliyyəti formal xarakter daşıyır. Həqiqi nəzarət və laboratoriya yoxlamaları aparılmır. AQTA-nın işi daha çox sahibkarların maya dəyərini və vergi yükünü artırmaqla məhdudlaşır”.
E.Bayramlı əlavə edib ki, bitki dərmanlarının normadan artıq istifadəsi, genetik modifikasiya olunmuş toxumlarla əkilən məhsulların çoxalması və hormonlu yemlə bəslənən heyvanların artması vəziyyəti daha da ağırlaşdırır:
“Bu, həm sağlamlığımıza, həm də milli genefondumuza dönüşü olmayan fəsadlar yaradır. Artıq Azərbaycanda ürək-damar, xərçəng və mədə-bağırsaq xəstəliklərinin göstəriciləri dünya miqyasında ən yüksək səviyyədədir. Qidaların çoxu təbii xüsusiyyətlərini itirib. Onlar süni şəkildə yetişdirilir, kimyəvi maddələrin təsiri ilə forma, rəng və dad qazanır. Bu vəziyyətin qarşısını almaq üçün dövlət səviyyəsində ciddi tədbirlər görülməlidir. Əhalinin sağlamlığı yalnız real nəzarət, təbii istehsalın təşviqi və məlumatlılığın artırılması ilə qoruna bilər”.
Globalinfo.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov yayılan iddiaları təkzib edib.
“Sahibkarların rüşvət müqavilində gömrükdən məhsul keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, – deyə o bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bu barədə sorğu ünvanlansa da, yazı dərc olunana qədər heç bir cavab verilməyib.