İrandan Qarabağa gedən yolların bağlanması gündəmə gələ bilərbackend

İrandan Qarabağa gedən yolların bağlanması gündəmə gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran ərazisindən Qarabağa yüklərin daşınması çox ciddi məsələdir və geniş müzakirə edilir. Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı İrana nota verib, lakin İran bu prosesi davam etdirir. Düşünürəm ki, artıq daha sərt addımlar atılmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat İrandan Xankəndiyə yüklərin daşınmasının qəbuledilməz olduğunu vurğulayıb:

“İran faktiki olaraq Azərbaycanın 10 ay əvvəl müharibə apardığı və hələ də bizə qarşı təxribatlarını davam etdirən dövlətə yardım göstərir. Bu, çox ciddi məsələdir. Azərbaycanın İranla strateji əlaqələri var, dövlət başçısı İranla əlaqələrə yüksək diqqət yetirir. Digər tərəfdən, İran Azərbaycanın torpaqlarını işğal etmiş, cinayətkar dövlətlə əlaqələr qurur, ona dəstək göstərir. Bu, Azərbaycan tərəfindən qəbuledilməzdir. Azərbaycan XİN bununla bağlı İrana nota verdi, bunun nəticəsi olmalı idi, amma İran bundan lazımi nəticəni çıxara bilmədi. Nəticə yoxdursa, daha sərt addımların atılmasına ehtiyac var. İran artıq başa düşməlidir ki, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Azərbaycan inkişaf etmiş, müstəqil siyasət aparan dövlətdir və lazım olanda öz sözünü deyir. İran tərəfi anlamalıdır ki, bizim onlarla münasibətlərimizdə başqa iddialar yoxdur, əksinə dostluq və qonşuluq münasibətlərimiz var. Lakin belə hallar münasibətlərə zərər vurur”.

Millət vəkili, bildirib ki, İranın bu addımlarına qarşı ərazisindən Qarabağa gedən yolların bağlanması gündəmə gələ bilər:

“İrandan yüklərin daşındığı yolun bağlanması gündəmə gələ bilər. Düşünürəm ki, İranın bu addımları davam etsə, bu, müzakirə mövzusu olmalıdır. İrandan Qarabağa gedən yolların bağlanması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Çünki Azərbaycan bu prosesə göz yuma bilməz. O yüklərin təyinatı ilə bağlı da müxtəlif iddialar var. Bu nüanslara nəzərən, lazım olan anda yolların bağlanması da baş verə bilər”.
Demokrat.az