İran İslam Respublikası 2026-cı ilin ilk günlərinə sistemli kövrəklik vəziyyətində daxil olub. Bu vəziyyətin dərinliyi və miqyası artıq onu adi sosial narazılıq dalğası kimi qiymətləndirməyə imkan vermir.
Ötən ilin son həftəsində sürətlə dərinləşən iqtisadi çöküş fonunda başlayan etirazlar bir neçə gün ərzində pərakəndə çıxışlardan siyasi cəhətdən formalaşmış hərəkata çevrilib. İran üsyanlarının ənənəvi başlanğıc nöqtəsi sayılan Tehran Böyük Bazarından tutmuş universitet kampuslarınadək, ticarətçilərin tətilindən tələbə yataqxanalarına qədər uzanan etiraz dalğası rejimin təməl dayaqlarını ardıcıl şəkildə sarsıdır.
Ötən ilin son həftəsində iqtisadi çöküş fonunda başlayan etirazların qısa müddətdə siyasi hərəkat formasını alması vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
Prezident Məsud Pezeşkianın “cəmiyyətin qanuni tələblərinə qulaq asmaq” çağırışları və İran İslam Respublikasının Mərkəzi Bankının sədrinin nümayişkaranə istefası gərginliyi azaltmayıb. Əksinə, etiraz ritorikası sürətlə sosial-iqtisadi tələblərin çərçivəsindən çıxaraq siyasi məzmun almağa başlayıb. “Nə Qəzza, nə Livan – canım İrana fəda” şüarı onilliklər boyu daxili məhrumiyyətləri xarici siyasi ekspansiya ilə əsaslandıran rejimin xarici siyasət doktrinasına açıq çağırış kimi səslənir.

İqtisadi vəziyyət isə çıxılmazlıq hissini daha da gücləndirir.
İran rialının məzənnəsi dollar qarşısında 1 milyon 400 min həddinə yaxınlaşaraq sərbəst bazarda tarixi minimuma enib. İnflyasiya 50 faizə çatmaq üzrədir, əsas ərzaq məhsullarının qiymətləri isə 70 faizdən çox artıb. 2026-cı il üçün büdcə kəsirini bağlamaq məqsədilə hökumət vergi yükünü 62 faiz artırmağa hazırlaşır ki, bu da alıcılıq qabiliyyətinin daha da azalması və sosial təbəqələşmənin sürətlənməsi deməkdir. İqtisadi böhran artıq cəmiyyət tərəfindən müvəqqəti hal kimi deyil, struktur problem kimi qəbul olunur.
Bu fonda beynəlxalq analitik dairələr 2026-cı ildə İranın siyasi sisteminin inkişafı ilə bağlı üç əsas ssenari irəli sürür.
İran pulları dəyərsiz kağıza çevrilib
Birinci ssenari “xarici müdaxilə” bəhanəsi ilə etirazların sərt güc yolu ilə yatırılmasını nəzərdə tutur. Bu halda küçələr təhlükəsizlik qüvvələri ilə doldurulacaq, internet bloklanacaq, etiraz hərəkatı isə repressiyalarla boğulacaq. Ali lider Ayətullah Əli Xameneiyə söykənən mühafizəkar qanad tam nəzarəti saxlayacaq, Pezeşkianın rəhbərlik etdiyi mülayimlər və islahatçılar isə faktiki olaraq siyasi sistemin kənarına sıxışdırılacaq.
Bu ssenari bir çoxları tərəfindən ən real variant hesab edilsə də, eyni zamanda qısamüddətli sayılır. Onun reallaşması İranı daha dərin iqtisadi uçuruma və yoxsulluğun artmasına aparacaq.
Burada əsas alət İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Bu qurum 2009, 2019 və 2022-ci illərdə kütləvi etirazların yatırılmasında artıq təcrübə qazanıb. Lakin mövcud vəziyyət böhranın dərinliyi və gənc nəsil arasında məyusluğun miqyası baxımından əvvəlkilərdən fərqlənir. Repressiyalar nəzarəti müvəqqəti bərpa etsə də, partlayışın əsas səbəblərini aradan qaldırmayacaq ki, bu da onun davamlılığını sual altına alır.
İkinci ssenari məhdud islahatlar və idarəolunan kompromisi nəzərdə tutur.
Bu halda prosesin mərkəzi fiquru prezident Pezeşkian olacaq, Tehran isə sanksiya təzyiqini yumşaltmaq üçün Qərblə dialoqu yenidən başlatmağa cəhd göstərəcək. Nüvə proqramı üzrə qismən güzəştlər və xüsusilə Donald Tramp administrasiyası ilə ehtiyatlı yaxınlaşma da istisna edilmir. Ekspert qiymətləndirmələrində Türkiyənin regionda vasitəçi və Qərblə əlaqə kanallarına malik qonşu ölkə kimi rolunun artması ehtimalı da qeyd olunur.
Etirazların “xarici müdaxilə” bəhanəsi ilə sərt şəkildə yatırılması ssenarisində Xameneiyə söykənən mühafizəkar qanad tam nəzarəti saxlayacaq, Pezeşkianın başçılıq etdiyi mülayimlər isə siyasi sistemin kənarına sıxışdırılacaq.
Rusiya və Çin tərəfindən məhdud dəstək fonunda belə bir kompromis İran iqtisadiyyatına qısamüddətli nəfəs verə, sosial təzyiqi azalda və 86 yaşlı Əli Xameneinin hakimiyyətinin başa çatmasından sonra daha yumşaq hakimiyyət tranziti üçün şərait yarada bilər. Lakin mühafizəkar düşərgənin müqaviməti və SEPAH-ın faktiki veto hüququ bu ssenarini son dərəcə çətin reallaşan edir.

Üçüncü ssenari – ən radikal və ən təhlükəli variant – etirazların hakimiyyətin sistemli böhranı mərhələsinə keçməsini nəzərdə tutur.
Bu halda küçə təzyiqi güclənir, SEPAH ilə rejimin tam etibar etmədiyi müntəzəm ordu arasında toqquşmalar mümkündür. Hakimiyyət vertikalının dağılması ya yeni respublika modelinə nisbətən yumşaq keçidə, ya da xaosa və uzunmüddətli vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Riskləri gücləndirən amillərdən biri də demoqrafik faktordur.
Gənc və savadlı əhali qapalı siyasi sistemlə getdikcə daha az barışır, sosial şəbəkələr və diasporun fəallığı isə ölkə xaricindən əlavə təzyiq yaradır. Əli Xameneinin yaşı və sağlamlıq problemləri hakimiyyət tranziti məsələsini daimi gərginlik mənbəyinə çevirir.
Əsas varis namizədi kimi Muctəba Xameneinin adı çəkilir. Lakin hakimiyyətin irsi yolla ötürülməsi ehtimalı “səssiz monarxiya” formalaşdırılması ittihamlarını gücləndirir və etiraz diskursunu daha da radikallaşdırır. Bu kontekstdə üçüncü ssenari arzuolunmaz olsa da, heç də fantastik deyil: siyasi-iqtisadi dalan davam edərsə, küçə həlledici faktora çevrilə bilər.

Əgər hakimiyyət məhdud islahatlara və idarəolunan kompromisə gedərsə, yeni prosesin mərkəzində prezident Pezeşkian dayanacaq, Tehran isə sanksiya təzyiqini azaltmaq üçün Qərblə dialoqu yenidən qurmağa çalışacaq.
NOCOMMENT.az xəbər verir ki, haqqin.az-a şərh verən iranlı politoloq Mehmet Muştaq bildirib ki, ölkədə korrupsiya, rüşvətxorluq, işsizlik və yoxsulluq pik həddə çatıb və hazırkı etirazlar yığılıb qalmış ziddiyyətlərin məntiqi nəticəsidir. Onun fikrincə, 2026-cı il həm rejim, həm də İran cəmiyyəti üçün dönüş nöqtəsi olacaq. Politoloqun sözlərinə görə, islahatlardan imtina artıq yaz aylarınadək ölkəni genişmiqyaslı xaosa sürükləyə bilər.
Ekspert böhranın xarici siyasət ölçüsünə də diqqət çəkir. ABŞ və İsrail arasında İranın gələcəyi ilə bağlı yanaşmalarda fərqlər mövcuddur. Belə ki, Benyamin Netanyahu İranın parçalanmasını dəstəkləyir, Vaşinqton isə, ekspertin qiymətləndirməsinə görə, rejim dəyişikliyi və ərazi bütövlüyü saxlanılmaqla mümkün federallaşma variantına üstünlük verir. Bununla belə, Muştaq vurğulayır ki, İranın parçalanması regionda yeni zorakılıq dalğasına yol aça bilər.
İranlı politoloq xüsusi təhlükə kimi etnosiyasi amili göstərir. Rejim illər boyu Cənubi Azərbaycan strukturlarını sərt şəkildə sıxışdırdığı halda, ölkənin qərbində kürd PJAK silahlılarının silahlanmasına göz yumub, şərqdə isə beluc silahlı qrupları fəaldır. Mərkəzi hakimiyyətin çökməsi və yeni idarəolunan mərkəzin formalaşmaması halında radikal qruplaşmalar azərbaycanlıların yaşadığı əraziləri ələ keçirməyə cəhd göstərə bilər ki, bu da kütləvi zorakılıq riski yaradır.
Mehmet Muştaqın fikrincə, İranda baş verənlər Türkiyə və Azərbaycan üçün birbaşa və həyati əhəmiyyət daşıyır.
Kritik məqamda İran əhalisinin əhəmiyyətli hissəsini təşkil edən azərbaycanlıların, türkmənlərin və qaşqayların taleyi istər-istəməz hər iki paytaxtın diqqət mərkəzinə düşəcək. Bundan əlavə, qeyri-sabit İran genişmiqyaslı miqrasiya axınları və regionun ümumi təhlükəsizliyi üçün artan təhdidlər deməkdir ki, bu da 2026-cı ili sadəcə növbəti böhran mərhələsi deyil, potensial tarixi dönüş nöqtəsinə çevirə bilər.
Mənbə: Haqqin.az
Azərbaycan dilinə tərcümə etdi: Əli Səfərli









