İranın Ermənistandan dəhliz arzusu realdırmı?backend

İranın Ermənistandan dəhliz arzusu realdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fars körfəzindən Qara dənizə qədər nəqliyyat dəhlizi və dəmiryolu xəttinin çəkilməsi ilə bağlı illərdir müzakirələr aparılır. İran tərəfinin zaman-zaman ortaya atdığı bu layihə Azərbaycanın təkliflərinə alternativ olsun deyə qəsdən irəli sürülür.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Şimal-Cənub dəhlizinin İran ərazisində belə maliyyələşdirilməsiylə bağlı ciddi problemlər var: “Hələ on il bundan əvvəl layihəyə təqribən 3,5-4 milyard dollar vəsait lazım olduğu müəyyən edilmişdi. Hazırda isə bunun üçün daha çox vəsait tələb olunur. Bu layihənin maliyyə mənbələri barədə də indiyənədək heç bir tərəf açıqlama verməyib. Hətta bunun mənası da yoxdur. Çünki Azərbaycan üzərindən Qara dənizə qədər dəmiryol xətti mövcuddur.

Həm də Azərbaycanın təklif etdiyi Rəşt-Astara dəmiryol xətti çəkildikdən sonra Fars körfəzindən Azərbaycandan keçməklə Qara dənizə daha ucuz, tez və effektli dəmir yolları şəbəkəsi mövcud olacaq. Ona görə də “Ermənistandan şimala dəhliz” ideyası İranın Azərbaycana təzyiq göstərməsi üçün ortaya atılan yalançı layihədir. İndiki şəraitdə layihənin reallaşdırılması qeyri-mümkündür.

Layihənin həyata keçirilməsi üçün təxminən 5-6 milyard dollara yaxın maliyyə lazımdır. Ancaq beynəlxalq qurumların İranın olduğu hansısa layihədə maliyyə donoru kimi iştirak etməsi mümkün deyil.

Ermənistandan keçəcək tunelləri, yol infrastrukturunu kim quracaq və neçə ilə başa gələcək? Ermənistanın Qara dənizə çıxışı yoxdur, bu “dəhliz” Gürcüstandan keçməlidir. Ancaq İranın “məsləhətləşmələrində” Gürcüstanın adı belə keçmir. Əlbəttə, buna görə də bu layihə müzakirələri qeyri-ciddi təsir bağışlayır”.