“Bu mövzuda xüsusi maraqdan daha çox ikitərəfli münasibətlərin müəyyən nüansları haqqında danışmaq olar”.
NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
O, İsrailin müdafiə naziri general-leytenant Benyamin Qansın Azərbaycana səfəri və eyni gündə İranın Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefonla danışığını şərh edib.
Q.Hüseynlinin sözlərinə görə, İsraillə Azərbaycanı ənənəvi dostluq əlaqələr bağlayır: “İsrail Azərbaycanın haqq işində hər zaman onun yanında olub və İkinci Qarabağ müharibəsinə qədər, eləcə də müharibə dövründə İsrail istehsal etdiyi ən müasir silahları Azərbaycana satıb. İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycanın Təl-Əvivdə ticarət nümayəndəliyi açılıb. Bu, az qala diplomatik münasibətlərə yaxın olar bir statusla fəaliyyət göstərən ticarət nümayəndəliyidir.
Hazırda Azərbaycanla İsrail arasında Təl-Əvivdəki səfirliyin açılması məsələsi durur. Vaxt söyləmək çətin olsa da, hər halda bu, gündəmdə duran əsas məsələlərdəndir”.
Məhəmməd Hüseyn Baqerinin telefon zəngi barəsində isə Qabil Hüseynli deyib: “İranın Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin müdafiə naziri Zakir Həsənov ilə telefon danışığı, sözsüz ki, İranın əsassız, heç bir real fakta söykənməyən, daha çox ambisiya xarakteri daşıyan niyyətləri ilə də bağlıdır.
Xüsusilə, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabr ayında keçirdiyi hərbi əməliyyatlar və bu hərbi əməliyyatlar nəticəsində düşmən ordusuna ciddi zərbələr endirməsi də, yəqin ki, Baqeri ilə söhbət zamanı əsas mövzulardan biri olub.
İran həyasız bir formada özünün Ermənistanla olan münasibətlərini “qırmızı xətt” kimi təqdim edir və bu “qırmızı xətt”in keçilməsinə biganə qalmayacağını bəyan edir.
Əslində, bu, heç bir beynəlxalq hüquq normalarına söykənməyən, suveren bir dövlətin təhdid edilməsidir. Bu nöqteyi-nəzərdən, yəqin ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın Baş Qərargah rəisi Baqeriyə lazımi məlumatları verib və bildirib ki, bu məsələdə əsas pozucu rol Ermənistana mənsubdur.
Ona görə də İran bu məsələdə sözsüz ki, şiə qardaşlarının yanında dayanmalıdır ki, bu kimi təxribatlar bir daha təkrarlanmasın. Amma İran İrandır və İranın xarici siyasət xəttində elə ciddi əyintilər və problem var ki, bunu qısaca bir telefon söhbəti ilə həyata keçirmək mümkün deyil”.