İranın Zəngəzur dəhlizi dərdi: Tehran indi də Moskvaya qarşı aqressivləşib – TƏHLİLbackend

İranın Zəngəzur dəhlizi dərdi: Tehran indi də Moskvaya qarşı aqressivləşib – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat Cənubi Qafqazda yeni geosiyasi durumu müəyyənləşdirən əsas sənəddir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibəni yekunlaşdıran həmin bəyanatın imzalanmasından 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, bu sənəd hələ də bəzi güc mərkəzlərini və regional oyunçuları narahat edir.

Xüsusən, bəyanatın Zəngəzur dəhlizinin açılmasına dair 9-cu bəndi bu narahatlığın əsas səbəbidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın da altında imza qoyduğu üçtərəfli sənədin həmin bəndində Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin olunması öhdəliyini götürüb.

Lakin həmin bənd Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu günə qədər də icra olunmayıb, Zəngəzur dəhlizi hələ də işə düşməyib.

Təəssüf ki, bu bəndin icrasına Ermənistandan daha çox maneə törədən, bundan narahat olan isə İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından bəri İranda müxtəlif səviyyələrdə və tez-tez verilən açıqlamalarda özünü aydın göstərir.

Həmin açıqlamaların ana xətti İranın “regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olmasından” ibarətdir. İran tərəfi verdiyi açıqlamalarla, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünə işarə edir, Ermənistanla sərhədinin bağlana biləcəyini deyir və Zəngəzur dəhlizini bu baxımdan təhlükə görür.

Halbuki, üçtərəfli bəyanatda sərhədlərin dəyişdirilməsi, yaxud Ermənistan ərazisinə hər hansı iddia yer almayıb. Azərbaycan tarixi ərazisi olsa da, Ermənistanın Qərbi Zəngəzur regionuna iddia etmir və bu ərazini, sadəcə, Naxçıvanı birləşdirəcək, insanların və yüklərin hərəkətini asanlaşdıracaq tranzit zona kimi görür. Bu fakta hər hansı don geyindirməyin, üçtərəfli razılaşmanın Zəngəzurun Ermənistanın nəzarəti altından çıxması anlamına gəlməsi barədə səslənən açıqlamaların heç bir hüquqi əsası yoxdur. Və bunu bəhanə edərək dəhlizin açılmasını önləmək üçtərəfli razılaşmanın kobud şəkildə pozulması anlamına gəlir. Halbuki, Ermənistanın özü bu razılaşmanın hazırlanmasında iştirak edən və onu imzalayan tərəfdir.

Qeyd olunduğu kimi, burada söhbət yalnız bir nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim bununla İranın ərazisini də məhdudlaşdırmır, yaxud da İrana hər hansı məhdudiyyət qoyulmur, onun ərazi bütövlüyünə, təhlükəsizliyinə hər hansı təhdid yoxdur.

Bundan başqa, İran dairələrinin Zəngəzur dəhlizinə NATO dəhlizi deməsi ilə NATO üzvü olan ölkələrin, o cümlədən Avropa İttifaqının Ermənistanda mənzillənmiş müşahidə missiyasının fəaliyyətinə susması arasında böyük suallar meydana çıxır.

İran NATO dəhlizi ifadəsini ortaya atmaqla faktların manipulyasiyası ilə məşğul olur. ABŞ, Qərb faktiki olaraq Ermənistanda NATO bazasının yaradılması planları üzərində işlədiyini gizlətmir, Tehranın buna göz yumub, olmayan “NATO dəhlizi”ndən danışması isə gülünc görünür.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının faktiki olaraq Azərbaycan, Rusiya və məhz İran əleyhinə kəşfiyyat məlumatları topladığı barədə müxtəlif rəsmi şəxslərin bəyanatları da nədənsə İranı narahat etmir, Tehran bu missiyanın fəaliyyətinə demək olar ki, toxunmur.

Odur ki, İran tərəfdən səsləndirilən bu açıqlamaların məntiqi anlaşılan deyil.

Son vaxtlar İranın Zəngəzur dəhlizinin açılmasına qarşı arqessiv ritorikası üçtərəfli razılaşmanın tərəflərindən biri olan Rusiya ilə münasibətlərində də özünü göstərir. Xüsusən, Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət öncə Rusiyanın “Birinci Kanalı”na açıqlamasında Paşinyanın üçtərəfli razılaşmaları sabotaj etməsi və Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyaların məhz onun inadına görə açılmamasını deməsi Tehranı bu mövzuda hərəkətə gətirib.

Öncə, İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxması ilə bağlı mövqeyini Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüşdə bildirdi. Ardınca, İran xarici işlər naziri Abbas Araqçi “X” hesabında paylaşımında, əslində, Zəngəzur dəhlizinə eyham vuran “Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi tamamilə qəbuledilməzdir və bu, İran üçün qırmızı xətdir”, – mesajı verdi.

Ümumiyyətlə, son günlər analoji bəyanatlar İranın müxtəlif vəzifəli ağızlarından eşidilir. İran XİN-in rəsmi nümayəndəsi Nasir Kənani, İranın Ermənistandakı səfiri Mehdi Sübhani, İran parlamentinin sədr müavini Əli Nikzadə, deputat Həsən Kaşqavi və digərləri bu mövzuda açıqlamalarında İranın Zəngəzur dəhlizi mövzusunda bəzən açıq, bəzən üstüörtülü şəkildə Moskvadan narazılığını çatdırırlar.

Amma rəsmi Tehran unudur ki, Rusiya tərəfinin mövqeyi, həmçinin, Lavrovun sözləri bütün tərəflərin razılaşdırdığı və imzaladığı üçtərəfli beynəlxalq sənədin şərtlərindən kənara çıxmır və kifayət qədər konstruktivdir.

Rəsmi Tehran sərhədlərinə yerləşdirilmiş Avropa İttifaqının hərbiləşdirilmiş və NATO emissarları ilə dolub-daşan monitorinq missiyasının fəaliyyəti, yaxud ABŞ-la öz ərazisində birgə hərbi təlim keçirən Ermənistana etiraz etmək yerinə, rəsmi İrəvanın imzasını geri çəkmədiyi və imtina etmədiyi üçtərəfli bəyanatın icrası ilə bağlı Rusiyanın haqlı iradlarına diplomatik güc sərf edir. Əgər İran Ermənistanla əlaqəsinin kəsiləcəyini bəhanə edirsə, Zəngəzur dəhlizinin heç də bunu ehtiva etmədiyini və Ermənistanın ərazi bütövlüyünə heç bir məhdudiyyət şamil etmədiyini bilməlidir. Yox, əgər İranı dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi narahat edirsə, unutmamalıdır ki, artıq 30 ildir, Ermənistan-İran sərhədində də məhz Rusiya sərhədçiləri xidmət çəkir.

Tehran-Moskva xəttindəki bu gərginlik İranın ABŞ-da yaxınlaşan növbəti prezident seçkiləri fonunda Qərblə münasibətləri nizamlamaq istəyindən də irəli gələ bilər. Ukrayna böhranı fonunda Rusiyanın İranla münasibətləri sıxlaşdırdığı məqamda rəsmi Tehran ikili oyun oynayaraq, hər iki tərəfdən maksimum dividend əldə edə bilər. İranın Rusiyaya silah, raket və dron satması ilə bağlı yayılan və müəyyən faktiki əsası olan xəbərlərə Tehranın operativ təkziblə çıxış etməsinə də Qərblə münasibətləri pisləşdirməmək kontekstində baxılmalıdır. Burada, İranın yeni prezidenti və komandasının nüvə proqramı ilə bağlı optimal çıxış yolu tapmaq istəyi, Qərbin sanksiyalarının bir hissəsinin ləğvinə nail olmaq niyyəti nəzərə çarpır.

Digər yandan, Zəngəzur dəhlizinə qarşı çıxmaqla, İran tək geosiyasi deyil, həm də geoiqtisadi maraqlar güdür. Belə ki, rəsmi Tehran ərazisindən yan keçərək Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizi hazırda ərazisindən keçməklə mövcud olan və modernləşdiriləcək analoji marşrut xəttinə rəqib görür. Qlobal kontekstdə isə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək əlverişli beynəlxalq nəqliyyat marşrutunun əlindən çıxması ilə razılaşa bilmir.

Odur ki, İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıqlarını Ermənistanın ərazi bütövlüyü ilə əlaqələndirməsi heç inandırıcı görünmür.