İranda baş verən kütləvi etiraz aksiyaları ölkədə mövcud siyasi sistemin legitimliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə sosial-iqtisadi problemlər, siyasi azadlıqların məhdudlaşdırılması, qadın hüquqları, etnik və dini ayrı-seçkilik kimi amillər cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq yaradıb. İranda baş verən etiraz aksiyalarına əsaslanaraq, ölkədəki rejimin artıq legitimliyini itirdiyini demək olarmı?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranda rejimin dəyişdirilməsi və ya mövcud siyasi kursdan tam imtina etdirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Bu siyasət 1979-cu ildə R. Xomeyninin rəhbərliyi ilə baş verən inqilabdan sonra formalaşıb və bu günədək davam edir. Rəsmi olaraq “İslam İnqilabı” adlandırılan proses əslində şiə məzhəbi ideologiyası ilə sintez olunmuş fars millətçiliyinin məhsuludur:

“Sözügedən ideologiyanın əsas məqsədi Yaxın Şərqi nəzarət altına almaq və İran imperiyası iddiasını bərpa etmək olub. Məhz bu strategiyaya uyğun olaraq İran müxtəlif regionlarda proksi qüvvələr yaradaraq təsir dairəsini genişləndirməyə çalışıb. Hazırda ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi-siyasi təzyiqlər təkcə Donald Trampın fərdi siyasi xətti kimi qiymətləndirilə bilməz. Bu, qlobal siyasi münasibətlər sisteminin transformasiyası ilə bağlıdır. Tramp administrasiyası beynəlxalq münasibətlər sistemini ABŞ-nin tam maraqları kontekstində yenidən dizayn etməyə çalışır. İrana qarşı tətbiq edilən təzyiqlərin əsas hədəfi Yaxın Şərqdə ABŞ-yə qarşı dayana biləcək istənilən güc mərkəzinin sıradan çıxarılmasıdır. Eyni zamanda İranın neft-qaz ehtiyatlarının dünya bazarına çıxarılması ilə Çin–Rusiya oxunun zəiflədilməsi də bu strategiyanın tərkib hissəsidir.
ABŞ–İran arasında aparılan diplomatik danışıqlar müharibə ssenarisini müəyyən müddətə təxirə sala bilər. Lakin İran üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, hərbi müdaxilə ssenarisi yenidən gündəmə gələ bilər”.
Politoloq əlavə edib ki, ABŞ İranın ali dini rəhbəri Əli Xameneinin istefasında maraqlıdır:
“Xameneinin hakimiyyətdən getməsi ABŞ üçün mümkün hərbi müdaxilədən imtina etmək və ya onu təxirə salmaq üçün əsas yarada bilər”.
“Bu gün ABŞ ilə İran arasında mövcud olan kəskin ziddiyyətlərin və Tehranın radikal xarici siyasətinin əsas ideoloji dayağı məhz Əli Xameneidir.
Ə. Xamenei istefa verərsə, İranda mövcud siyasi sistemin dayaqları ciddi şəkildə sarsıla, ölkə daxilində yeni güc balansı formalaşa və İranın regional siyasətində köklü dəyişikliklər baş verə bilər”, – ekspert yekunlaşdırıb.













