İranla İsrailin GİZLİ ANLAŞMASI – Nələr olacaq? backend

İranla İsrailin GİZLİ ANLAŞMASI – Nələr olacaq? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə bir-birinə hücum etməmək barədə qeyri – rəsmi razılığa gəlib.

“The Washington Post” nəşrinin mənbələrə istinadən yazdığına görə, tərəflər 2025-ci ilin dekabr ayının sonlarında Rusiya kanalı ilə qarşılıqlı mesajlar ötürərək bir-birlərinə zərbə endirmək niyyətində olmadıqlarını bildiriblər.

Bu razılaşma İsrailin Livanda “Hizbullah” hərəkatına qarşı genişmiqyaslı hərbi kampaniya hazırladığı bir vaxta təsadüf edib.

WP-yə danışan iki mənbə bildirib ki, İran İsrailin təklifinə müsbət yanaşıb. Bununla belə, Tehranda ehtiyatlı mövqe qorunub, çünki İsrailin verdiyi təminatlar ABŞ-nin İsraillə koordinasiyalı şəkildə İrana zərbə endirməsi ehtimalını istisna etməyib.

Nəşr yazır ki, İran şəhərlərində baş verən etirazlar fonunda bu qeyri-rəsmi razılaşmaya tərəflərin münasibətinin dəyişib-dəyişmədiyi hələlik aydın deyil. Eyni zamanda, İsrailin mümkün ABŞ zərbələrinə qoşulmaq üçün razılaşmadan imtina edib-etməyəcəyi də sual altındadır.

Bu arada, İsrail hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi WP-yə bildirib ki, “Hizbullah”a qarşı əməliyyat İranla bağlı vəziyyətin inkişafından asılı olmayaraq gündəmdə qalır.

ABŞ-nin potensial zərbələri və İran daxilində davam edən etirazlar fonunda bu razılaşmanın uzunmüddətli dayanıqlığı barədə nə düşünürsünüz? İsrail “Hizbullah”a qarşı əməliyyatları həyata keçirərkən bu razılaşmanı pozmaq riski nə qədər realdır və İranın mövqeyi bunu necə təsir edə bilər?

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, İranla bağlı yayılan bu məlumatlara skeptik yanaşıram:

“Düşünmürəm ki, İran üzərinə yönəlmiş risklər fonunda ona bağlı olan proksi qüvvələrdən hər hansı birini qurban versin və ya neytral mövqe tutsun. Bunun əsas səbəbi odur ki, İranın regiondakı real və əsas gücü məhz həmin proksi strukturlardır. İranın təsir dairəsinə daxil olan qüvvələr təkcə Livandakı Hizbullahla məhdudlaşmır. Bu şəbəkəyə İraqdakı şiə silahlı dəstələri, bir müddət Suriyada aktiv olan İranmeylli qruplar, eləcə də Əfqanıstanda müəyyən səviyyədə ona bağlı olan silahlı qüvvələr daxildir. Bu struktur İranın İsrail və ABŞ ilə birbaşa deyil, dolayı və qeyri-simmetrik mübarizə aparmasının əsas dayaq nöqtəsidir”.

Siyasi şərhçi qeyd edib ki, əgər İsrail Hizbullahı ortadan qaldırar və İran buna qarşı heç bir real addım atmazsa, bu, Tehran üçün strateji baxımdan son dərəcə təhlükəli vəziyyət yaradar:

“Belə bir halda növbəti hədəfin birbaşa İranın özü olacağı şübhə doğurmaz. Hizbullahın zəiflədilməsi İranın deterrensiya imkanlarının çökməsi, yəni onu əsas təsir rıçaqlarından məhrum edilməsi deməkdir. Bu baxımdan İranın Hizbullahın arxasından çəkilməsi və ya onunla bağlı məsuliyyətdən yayınması rasional izah edilə bilməz. Bu, İranın illər ərzində formalaşdırdığı regional təhlükəsizlik strategiyasına ziddir və faktiki olaraq strateji intihar anlamına gələr. Ona görə də müharibə şəraitində yayılan bu cür iddialar daha çox dezinformasiya və psixoloji müharibə elementlərinə bənzəyir.

Ayrı-ayrı taktiki razılaşmalar və ya müvəqqəti manevrlər mümkün olsa da, bunların İranın Hizbullahdan tam şəkildə imtina etməsi kimi təqdim olunması nə siyasi, nə də hərbi reallıqla uzlaşır”.

Tunar