İranla razılaşaq, İsrail səfirliyimizi bağlayaq…backend

İranla razılaşaq, İsrail səfirliyimizi bağlayaq… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın son vaxtlar Azərbaycana əsas iradı ölkəmizin İsraildə səfirlik açması ilə bağlıdır.


NOCOMMENT
Axar.az-a istinadən xəbəri təqdim edir.

Hətta bu irad tələbə, hədəyə və notaya çevrildi, ardınca İran İƏT ölkələrinə rəsmi Bakıya təzyiq etmək üçün çağırışa da cəhd etdi.

İranın İsraillə nə dərdi var?

Pərdəarxasında və əsl mahiyyətdə nədirsə, ona istinad etməyək – İranın səmimi olduğuna inanaq və güman edək ki, doğrudan da İsrail Fələstin ərazilərini işğal etdiyinə, məscidlərə təcavüzünə, mübahisəli ərazilərdə məskunlaşma yaratdığına, müsəlmanlara qarşı zor tətbiqinə və onları qətlə yetirməsinə görə Tehran bu ölkəni Yer üzündən silmək istəyir.

İran – islam adına 44 ildir iddia edən ölkədir və özünü dünya müsəlmanlarının hamisi rolunda göstərməkdə maraqlıdır.

Xub – niyə də razılaşmayaq və inanmayaq?

Əgər İran məhz bu səbəbdən İsraildə müsəlman Azərbaycanın səfirlik açmasına qarşıdırsa, öz baxışına görə haqlıdır.

Onda elə İranın öz baxışına görə Azərbaycan adına danışa bilməsəm də, öz adımdan tələblərim – yəni “fərdi notam” var:

1. İsrail müsəlman torpaqlarında yaranan ölkədir, 1947-yə qədər hətta orda dövləti olmayıb?

Ermənistan da müsəlman torpağında yaranmış ölkədir – 1918-ci ilə qədər ümumiyyətlə bu ərazidə dövləti olmayıb.

Amma: Yəhudilər min illərlə o ərazilərdə yaşayıblar, onların dövlətsizliyi son yüzilliklərə aiddir və bunu dini kitablar da təsdiqləyir, tarix də. Ermənilərin Cənubi Qafqazda dövlətinin olmasına aid saxta tarixdən başqa heç nə yoxdur.

2. İsrail qurulandan sonra Fələstin torpaqları hesabına böyüyüb?

Ermənistana da 1918-ci ildə 9 min kv.km ərazi güzəştə gedilib, ancaq indi rəsmi ərazisi 29,8 min kv.km-ya çatır. Yəni Ermənistanın ərazisi 1920-ci ildən sonra bütövlükdə İsrailin ərazisi qədər “artıb” – Azərbaycan torpaqları hesabına.

3. İsrail məscidlərə hücum edir?

Ermənistan isə məscidlərə hücum etmir, onları sadəcə dağıdır, Yer üzündən silir: Qarabağda son 30 ildə 65 məscidi məhv edib, Ağdamda bir məscid qalmışdı – onun da içində donuz saxlayırdı;

4. İsrail fələstinlilərə qarşı zorakılıq tətbiq edir?

Ermənistan isə zorakılıq tətbiq etmir, öz ərazisinə çevirdiyi tarixi torpaqlarımızdan 20-ci əsrdə üst-üstə 1,5 milyon azərbaycanlını qovub, 700-ə yaxın kəndimizi viran qoyub, ordakı yüzlərlə məscidi məhv edib; 1918-ci ildə minlərlə silahsız, mülki azərbaycanlını qətlə yetirib, 90-cı illərdə isə bütün dünyanın gözü qarşısında Xocalı, Ağdaban kimi dəhşətli soyqırımlar törədib;

5. İsrail işğalçıdırmı?

Ermənistan 2020-ci ilə qədər – son 30 ildə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və bütövlükdə Fələstin ərazisindən 2,5 dəfə çox torpağını işğal edib, 1 milyon müsəlmanı yurd-yuvasından qovub, həmin ərazinin əhəmiyyətli hissəsinə büsbütün mina döşəyib, şəhərləri, kəndləri yerlə-bir edib, xarabazara çevirmişdi…

44 ildir İranda islam respublikası qurulub və yarandığı gündən İsrailə düşməndir! 32 ildir Azərbaycan müstəqilliyini elan edib və müstəqilliyini elan etməzdən əvvəl artıq Ermənistan hücuma keçmişdi, işğala başlamışdı – yəni yaranan gündən düşmənik.

İran İsraili ilk gündən qatı düşməni sayır – Azərbaycan da Ermənistanı!

Yaxşı, İranın hansı müsəlmanlıq, əxlaq, din, imanla Ermənistanda 31 ildir səfirliyi fəaliyyət göstərir?

Hələ onu demirik ki, Azərbaycan İsraili İrana qarşı silahlandırmır, ancaq İran Ermənistana Azərbaycana qarşı tətbiq etmək üçün silah verir;

Hələ onu demirik ki, Azərbaycan İsraillə yalnız iqtisadi əməkdaşlıq edir, İran isə Ermənistanı iqtisadi baxımdan ayaqda saxlayır!

Bütün bunlarla bərabər, İran hansı əxlaq, müsəlmanlıq, vicdan, ləyaqət və özünə müəyyənləşdirdiyi “prinsip”lə Ermənistanda 1992-ci ildə səfirlik açması bir yana, 2022-ci ildə tez-tələsik, qaçaraq, binanın təmiri başa çatmadan Qafanda konsulluğun açılışını etdi? Ümumilikdə əhalisi 2 milyona çatmayan ölkədəki səfirliyi azmış kimi, 100 min əhalinin yaşamadığı Qafanda baş konsulluq İranın nəyinə lazım idi?

Niyə İran elə düşünür ki, Azərbaycanla düşmənlik edən, torpaqlarını işğalda saxlayan, terror törədən, Bakıda belə 90-larda insanları qətlə yetirən bir ölkədə səfirlik, daha sonra isə Azərbaycanın acığına 2022-ci ildə konsulluq aça bilər, ancaq Azərbaycan İranın düşməni saydığı ölkədə səfirlik aça bilməz?

Azərbaycan İsraildə səfirliyi bağlamalıdırmı?

Mən dövlət adına danışa bilmərəm – ancaq söz verirəm, İran şərtlərimi yerinə yetirsin, Azərbaycanın İsraildəki səfirliyini bağlaması üçün XİN-in qarşısında ölüm aclığına başlayacam, lap bədəbədə gedib, özümə od vuracam!

Şərtlərim isə budur:

1. İran Ermənistandakı səfirliyini dərhal qapatsın, Ermənistanla bütün diplomatik əlaqələri dayandırsın;

2. İran Qafanda açdığı konsulluğu dərhal bağlasın, o yarımtikilini də söksün;

3. İran Ermənistana bağışladığı silahları geri alsın;

4. İran Ermənistanın işğalçı olduğunu elan etsin;

5. İran işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə, Ermənistanla bütün ticari əlaqələri dayandıracağını bildirsin;

6. İran Azərbaycan ərazilərini “qırmızı xətti” elan etsin;

7. İsraildə səfirlik açan bütün müsəlman ölkələrinə nota versin;

8. Ermənistanda səfirlik açmış bütün müsəlman ölkələrinə də nota verib, Ermənistan işğalçılıq siyasətindən əl çəkənə qədər diplomatlarını geri çağırması ilə bağlı təklif versin və bu addımı ilk olaraq öz nümunəsində göstərsin;

9. İƏT-in toplantısını çağırıb, Ermənistanın işğalçılıq siyasətinə qarşı gördüyü tədbirlərin hesabını versin və bütün müsəlmanlardan bu addımlara qoşulmağı tələb etsin…

Ardı da var: məsələn Azərbaycandan casus şəbəkəsini geri çağırması, Tehran səfirliyimizə terror aktını həyata keçirənləri cəzalandırması, Azərbaycana terrorçuları göndərməkdən əl çəkməsi və s. kimi…

Bütün bunlardan sonra isə İrandan yalnız bircə tələbim qalacaq:

32 ildə müsəlmanları qırdığına, yüz minlərlə şiə qardaşını zəlil günə qoyduğuna, müsəlman torpaqlarını işğalda saxladığına baxmayaraq, Ermənistana göstərdiyi hərbi-siyasi və iqtisadi dəstəyə görə Azərbaycan xalqından və bütün dünya müsəlmanlarından üzr istəsin!

Tövbə namazı da qıla bilər – “təmir edib”, tarixini saxtalaşdırdığı İrəvandakı Göy məsciddə yox, Bakıdakı Göy məsciddə. “Möhür”dən narahat olmasın, bizdə bütün məscidlərdə alnına qoymağa möhür var…