İrəvan 1993-ə, Bakı isə 1919-a qayıtmaq niyyətindədir? – KİÇİK ERMƏNİSTAN…backend

İrəvan 1993-ə, Bakı isə 1919-a qayıtmaq niyyətindədir? – KİÇİK ERMƏNİSTAN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1. Qarabağın “müdafiə ordusu”nun buraxılması;

2. Qarabağın Azərbaycanın tərkibində heç bir muxtariyyət olmadan (sıfır statuslu) tanınması;

3. Ermənistan ərazisindən keçən dəhlizin (Zəngəzur) açılması;

4. 1919-1920-ci illərin xəritələri üzrə delimitasiya və demarkasiya prosesinə başlanılması;

5. İtkin düşmüş azərbaycanlıların taleyinin öyrənilməsi;

NOCOMMENT.az xatırladır ki, yuxarıda qeyd olunan 5 bənd Bakının İrəvan qarşısında qoyduğu şərtlərdir. Hər halda Ermənistan Baş nazirinin ailə qəzeti olan “Haykakan Jamanak” belə bir məlumat dərc edib.

• Qarabağın “müdafiə ordusu”nun buraxılması;

Bununla da Şuşada Azərbaycan postuna əl qumbarası atanlar olmayacaq. Xocavənddə mina basdıranlar Yerablurda gor eşməyə ezam olunacaq. Qarabağ İqtisadi Rayonu müvəqqəti olaraq tam Rusiya sülhməramlılarının məsuliyyət zonasına çevriləcək və nəhayət onlar missiyalarının üzərinə düşən vəzifəni – Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etməyə çalışacaq.

• Qarabağın Azərbaycanın tərkibində heç bir muxtariyyət olmadan (sıfır statuslu) tanınması;

Ermənilər ikinci hibrid dövlətlərini yarada bilməyəcəklər. Çünki onlara heç mədəni muxtariyyət də verilməyəcək. Onsuz da erməni ilə mədəni sözləri “eşşək nə bilir zəfəran nədir” məsəlini yada salır. Belə olan halda, Azərbaycan qanunlarının Xankəndidə də tətbiqinə keçid mərhələsi başlayacaq. Araik Arutyunyan şərabçılıq biznesindən məhrum olacaq. Azadlıqdan məhrumolma məsələsi də aktuallığını qoruyur.

• Ermənistan ərazisindən keçən dəhlizin (Zəngəzur) açılması;

Buna görə saçyoldu rejimində olan İran da çarəsiz qalacaq və tranzit rüsumları ödəməli olacaq ki, molla rejiminin planda olan parçalanması bir az yubansın. Ermənistan iqtisadiyyatı dirçələcək. Nəticədə Paşinyanı istəməyən Qarabağ klanı daha da zəifləyəcək. Serj və robertlər Ermənistanda həbs olunmasalar, Rusiyanın hansısa qocalar evində keçinəcəklər. Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək. Azərbaycanın yaratdığı siyasi-iqtisadi termində dominantlıq da Bakıda olacaq. Zəngəzurdan Bakı-Tbilisi-Ceyhana paralel borular çəkilə bilər. Rəsmi Tbilisinin də qısqanc yanaşmasına lüzum yoxdur. Belə ki, ikinci layihə ilə ötürülən neft-qaz Türkmənistan-İran, hətta Rusiyadan nəql olunan yanacaqlar ola bilər.

• 1919-1920-ci illərin xəritələri üzrə delimitasiya və demarkasiya prosesinə başlanılması;

Zəngəzurun Ermənistana verilmə prosesi 1920-1923-cü illəri əhatə edir. 1919-da isə Azərbaycan ərazisi olub. Bu 4 rəqəmin, tarixin qeyd olunmasında Azərbaycanın gələcək planları da sezilir. Yəni daim ərazi iddiaları edən Ermənistana qarşı əlimizi möhkəm tutmalıyıq ki, dəmir yumruğa tez çevrilsin.

• İtkin düşmüş azərbaycanlıların taleyinin öyrənilməsi;

Bu isə xüsusi qruplar tərəfindən araşdırmaların birbaşa Ermənistanda aparılması, təhrif olunmayan faktların əldə olunması deməkdir. Yekunda 30 ildir gözü yolda olanlardan kimlərsə sevinəcək, bəzilərinin qarası başından düşməyəcək. Acı olsa da, həqiqət budur. Müəyyən ermənilərə qarşı cinayət işləri açılacaq. Mühakimə beynəlxalq səviyyədə olsa, həmin ermənilərin bəraət qazanacaq. Bunu 1988-ci il Sumqayıt hadisələrində, Xocalı soyqırımı törədənlərin Ermənistanda prezident və baş nazir postlarına seçilməsi zamanı da gördük.

Təhlil müəyyən suallar yaradır:

1. Rusiya regionda daim qalmaq istəyirsə, niyə separatçıları tərksilah edərək münaqişə ocağını söndürsün ki?

2. Ermənilər üçün elə Rusiyanın yaratdığı “Arsax”ın statussuz qalmasına Kreml niyə razılıq versin?

İlk və ikinci bəndə görə yaranan sualların cavabı üçüncü şərtdədir, yəni, Zəngəzur dəhlizində:

– II Qarabağ savaşını bitirən üçtərəfli bəyanata görə, Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarəti Rusiya hərbçiləri yerinə yetirəcək. Bundan başqa, Azərbaycandan keçməklə Ermənistanla Rusiyanı birləşdirəcək dəmir yolu xəttinə də Kreml cavabdehlik daşıyacaq. Yəni sözügedən layihələrlə Rusiya özünün Cənubi Qafqazdakı mövcudluğunu sürdürəcək. Kremldəkilərin ikinci hibrid erməni dövlətinə ehtiyacı qalmayacaq. Çünki ərazicə ən böyük dövlətin Ukraynaya görə hərbi məsrəfləri birəmin artıb və onlara iqtisadi gəlir lazımdır. Ermənistana pulsuz silah yollamaq yox!

Digər tərəfdən, bu şərtləri Paşinyan hökuməti erməni cəmiyyətinin nəbzini yoxlamaq üçün də tirajlaya bilər. Yaxud da bu, erməniləri Bakının yaratdığı yeni reallıqlara öyrəşdirmək məqsədi güdür. Gec öyrəşsələr, 6-cı şərt də hazırdır:

– Dəyəri 60 milyard dollardan çox ölçülən maddi təzminat, yaxud pulun əvəzində Göyçə və Zəngəzurun Azərbaycana birləşdirilməsi…

Bəlkə də bu səbəbdən İrəvan yeni müharibəyə hazırlaşıb 1993-cü ildəki işğalı təkrarlamaq niyyətindədir. Bunu isə fikirləşməyin özü ötən il meydana çıxan “Ermənistanın süqutu” proqnozlarını reallığa çevirə bilər.
Konkret.az