İrəvan qarışa bilər, Sarkisyan ona görə getdibackend

İrəvan qarışa bilər, Sarkisyan ona görə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşünürəm ki, Armen Sarkisyanın istefası Paşinyanın təzyiqi ilə olub. Çünki Sarkisyanın istefası Ermənistanda kifayət qədər ciddi əsasa söykənmir. O, istefasında səlahiyyətlərinin aşağı olduğunu bildirib. Halbuki prezident seçiləndə də bilirdi ki, Ermənistanda prezidentin səlahiyyətləri məhduddur.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistan Prezidenti Armen Sarkisyanın istefa verməsi barədə danışarkən deyib.

“Sadəcə, Armen Sarkisyan köhnə komandanın – Serj Sarkisyan, Robert Köçəryan kimi köhnə prezidentlərə bağlı adamdır. Ermənistanda Xocalı qətliamını törədən qaniçən bir Qarabağ klanı var, Armen Sarkisyan bu klanın üzvüdür. Onun Baş nazir Nikol Paşinyanla uzun müddət yola getməyəcəyi onsuz da bəlli idi”, – politoloq bildirib.

Onun sözlərinə görə, son aylar A.Sarkisyan aktiv rol oynamağa çalışırdı:

“BƏƏ, İordaniya, Misirə və s. səfərlər etdi ki, ölkəyə yenilik gətirən prezident kimi ön plana çıxsın. İki gün öncə də 200 MVt-luq günəş stansiyası üçün BƏƏ-dən maliyyə aldı. Hətta 150 ədəd zirehli hərbi texnika almaq barədə də razılıq əldə etmişdi. Göstərmək istəyirdi ki, real olaraq iş görür”.

Onun sözlərinə görə, Sarkisyanın bu fəaliyyəti fonunda qəfil istefası göstərir ki, Paşinyan onunla razılaşmayıb:

“Paşinyan Ermənistanın hazırki qanunvericiliyinə uyğun olaraq Baş nazirin səlahiyyətlərini qəsb etməyə Sarkisyana icazə verməyib. Seçki öncəsi də Sarkisyan Paşinyanı istefaya çağırırdı, onun əleyhinə addımlar atırdı. Düşünürəm, Paşinyan bütün bunlardan bezdi və öz yerini möhkəmləndirən kimi artıq Sarkisyanın ayağına dolaşmasına, keçmiş Qarabağ klanının bu şəkildə ona nəzarət etməsinə qarşı çıxdı”.

T.Rzayev qeyd edib ki, Sarkisyanın istefa verməsinə ikinci səbəb Ermənsitanın daxilində güclü təlatüm gözlənilməsi ola bilər:

“Ola bilsin, Qazaxıstanın ssenarisinə oxşar ssenari ilə Ermənistanda Paşinyanı hakimiyyətdən endirmək istəyirlər. Hansısa qanlı ssenari də ola bilər. Mümkündür ki, Sarkisyan bu çevrilişdə iştirak etmək və adının hallanmasını istəməyib. Ona görə də indi vəzifəni tərk edib. Ümumi ictimai vəziyyət ölkədə sabitləşərsə, düşünürəm, sonradan Sarkisyan hər hansı yolla yenidən aktiv siyasətə qayıda bilər”.