Hazırda Zəngəzur dəhlizinin nə vaxt açılacağı və orada hansı dövlətin sərhədçilərinin xidmət aparacağı əsas müzakirə olunan mövzulardan biridir. Belə ki, paşinyan dolayısı ilə dəhlizi Ermənistan hərbçilərinin qoruyacağına eyham vursa da, bu, Rusiya və İranı qane etmir. Ona görə də, hər iki dövlətin İrəvana müxtəlif vasitələrlə təzyiq göstərəcəyini düşünənlər az deyil. Bəs görəsən, Paşinyan təkbaşına addım atsa, bu halda Rusiya və İran İrəvana hansı formada “hücum” edə bilər?
NOCOMMENT.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Zəngəzur dəhlizinin tezliklə açılacağını proqnozlaşdırmaq olar:
“Çünki bu dəhlizin açılmasını istəyən qüvvələr, layihənin həyata keçiriləməsinə mane olanların sayından daha çoxdur. Xüsusilə, regionun böyük dövlətləri bu layihənin yaradacağı yeni imkanların fərqindədir. Onlar anlayırlar ki. Zəngəzur dəhlizi təkcə bir kommunikasiya layihəsi deyil, eyni zamanda regiona yeni iqtisadi nəfəs verəcək önəmli bir məsələdir. Ona görə də, Zəngəzur dəhlizinin açılması məsələsində böyük güc faktorları Azərbaycanın mövqeyini dəstəkləyir. Ancaq dəhlizin nə zaman açılacağı ilə bağlı konkret vaxt söyləmək doğru deyil. Noyabrın 5-nə qədər dəhlizin açılacağı ilə bağlı ehtimallar səsləndirilsə də, bununla bağlı dövlətlər arasında konsensus əldə olunmayıb və ortaq bəyanat yayılmayıb. Bu gün erməni analitiklərinin revanşist meylləri gücləndirmək üçün Zəngəzur dəhlizinin hansısa tarixdə açılacağı ilə bağlı səsləndirdiyi fikirlər absurddur və heç bir reallığı əks etdirmir”.
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, burada iki versiya mövcuddur:
“Birinci versiya odur ki, dəhlizin qorunması məsələsini Ermənistan Türkiyə, Azərbaycan və Qərblə razılaşdırıb. Belə ki, Ermənistan öz hərbçilərini yerləşdirəcək, Türkiyə və Azərbaycandan olan şəxslərin rahat keçidinə şərait yaradılacaq. Bu vəziyyət Azərbaycan və Türkiyənin maraqlarına uyğun ola bilər. Amma Rusiyas və İranın agentura şəbəkəsi Ermənistan daxilində mövcuddur. Ona görə də, dəhlizin qorunmasının Ermənistan hərbçilərinə həvalə olunmasına göz yumacaqlarını birmənalıı söyləmək doğru deyil. İrəvana mütləq təzyiq göstərməyə çalışacaqlar. İkinci məsələ isə NATO-nun burada öz hərbi kontingentini formalaşdırmaq istəyi ilə bağlıdır. Buna Rusiya və iranın reaksiyasının necə olacağını söyləmək çətindir. Hesab edirəm ki, bu cür davam etsə, ən optimal variant kimi “nə Rusiya, nə də NATO olsun” prinsipini ortaya atıla və Ermənistanın öz sərhəd qoşunlarının xidmət aparması təmin edilə bilər. Amma qeyd etmək lazımdır ki, Rusiya Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən geri çəkilirsə, bunun arxasında hansısa təxribatın dayanması mümkündür. Yəni Rusiyanın Ermənistan daxilindəki gücləri vasitəsilə sərhəddə təxribat törətməsi mümkündür. Rusiya və İran özünün Ermənistan daxilindəki aktiv şəbəkəsi vasitəsilə İrəvana həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiq göstərə bilər”.