İrəvana BÖYÜK ZƏRBƏ: Lukaşenko Azərbaycana qahmar çıxdıbackend

İrəvana BÖYÜK ZƏRBƏ: Lukaşenko Azərbaycana qahmar çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistanla Belarus arasında siyasi gərginlik yaşanır. Buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun Qarabağla bağlı açıqlamaları olub.

Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) oktyabrın 28-də keçirilən növbədənkənar sessiyasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanla sərt danışıb. Belarus lideri Paşinyana irad tutaraq deyib ki, KTMT ölkələrini Azərbaycanla üz-üzə qoymaq lazım deyil, problemi həll etmək vacibdir.

“Siz bizim qarşımıza iki sual qoyursunuz: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi bildirək. Bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik.

İkinci məsələ, “mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi təqdim edin”, – deyirsiniz. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsəniz, daha pis olacaq, bunu özünüz başa düşürsünüz. Biz bu münaqişəni istəmirik”, – deyə Lukaşenko Paşinyanı yerinə oturdub.

Ermənistan Xarici İşlər Nazirliyi isə Belarus liderinə cavabında siyasi etikadan kənar ritorikadan çıxış edib. “Biz Belarus Prezidentinin danışıqlar məntiqindən uzaq, müttəfiq və tərəfdaş münasibətlərinə zidd olan xaotik bəyanatlarını şərh etməyi məqsədəuyğun hesab etmirik”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.

Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz isə İrəvanın ittihamlarına cavab olaraq bildirib ki, Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması reallığa əsaslanır və başa düşüləndir.

“Ona görə də biz dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlət başçısının bu çətin, lakin həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən oxumağı tövsiyə edirik”, – deyə Qlaz vurğulayıb.

Maraqlıdır, Ermənistanın eyni təşkilatda (KTMT) yer almalarına baxmayaraq, Belarusa qarşı qərəzli mövqe sərgiləməsi nədən xəbər verir?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, Belarusla Ermənistan arasında gərginlik ilk belə hal deyil, bundan əvvəl də oxşar hadisələr müşahidə edilib.

“İki ölkə arasında gərginlik ənənəvi hal alıb. Vaxtilə Ermənistan Belarusun Azərbaycana “Polonez” raket sistemi satdığına görə narazılığını bildirmişdi. Hər dəfə Ermənistan KTMT-dəki mövqeyinə görə Belarusdan narazılığını dilə gətirib. Belarus Prezidenti Aleksandr Lukaşenko dəfələrlə Ermənistan tərəfinə bildirib ki, Azərbaycanın əleyhinə heç bir addım atmayacaq. Ancaq ermənilər əl çəkmir”.

Politoloqun sözlərinə görə, iki ölkə arasında gərginliyin əsas səbəbi Ermənistanın KTMT ölkələrini Azərbaycanla üz-üzə qoymaq niyyətidir.

Belarus buna qarşı çıxdığından erməni tərəfi bu ölkəni hədəfə alıb: “Ermənistanın bu cür hərəkəti Belarusun maraqlarına ziddir. Buna görə də, Belarus Ermənistana xəbərdarlıq edir və həll olunmuş münaqişədə kimin haqlı olduğunu özü üçün müəyyənləşdirdiyini İrəvana çatdırır”.

Bəs, Belarus KTMT üzvü olmasına baxmayaraq, niyə Azərbaycanı müdafiə edir?

İ.Vəlizadə suala cavabında deyib: “Belarusun Azərbaycanla illik ticarət dövriyyəsi 600-700 milyon dollar həcmindədir. Belarus Azərbaycana əsaslı şəkildə silah-sursat satır. Tərəflər arasında birgə silah-sursat istehsalı ilə bağlı danışıqlar gedir. Digər tərəfdən Belarus Azərbaycandan öz zavodları üçün xam neft alır. Ermənistan Belarusa nə verib? Zərərdən başqa Ermənsitan Belarusa heç nə verməyib”.