İrəvandan qarşıdurmanı artıracaq addımlar: Paşinyan Xankəndiyə gələrsə…backend

İrəvandan qarşıdurmanı artıracaq addımlar: Paşinyan Xankəndiyə gələrsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan yenidən Azərbaycanla sərhəddə ordumuzun mövqelərini atəşə tutmaqdadır. Son üç gündə düşmənin silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqelərini atəşə tutub.

Sözügedən təxribatlar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə keçirilən dördüncü üçtərəfli görüşündən sonra baş verir.

Bununla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Qarabağ bölgəsində də hərəkətlilik var. Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qanunsuz olaraq Xankəndi şəhərinə gəlib. Eyni zamanda, erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyi, Xankəndiyə köçmək qərarına gəldiyi barədə videomüraciət ünvanlayıb.

NOCOMMENT xəbər verir ki, baş verən proseslərlə bağlı ayna-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb.

– Brüssel görüşündən sonra ermənilər yenidən Laçın və Kəlbəcər istiqamətində atəş açırlar. Əvvəlki görüşlərdən sonra da belə hallara rast gəlinirdi. Bunun səbəbi nədir, Ermənistan hansı mesajı verir?

– Bunu anlmaq üçün danışıqlar masasındakı vəziyyətə baxmaq lazımdır. Müharibədən sonra alternativ platformanın yaranması və istəklərinin nəzərə alınması baxımından Qərbin də prosesdə iştirakına İrəvan can atırdı. Xüsusilə, ATƏT-in Minsk Qrupu formatının dirildilməsi imkanlarını nəzərdən keçirirdi, lakin Brüssel formatı önə çıxdı, prosesin bu istiqamətdə inkişafında Bakının diplomatik manevrləri də rol oynadı. Ermənistan Brüssel masasını Moskva masasına alternativ, həm də maraqlarının nəzərə alınması qapısı olaraq görür. Hərçənd ki, danışıqların gedişi, razılaşmalar Qərb platformasında da böyük ölçüdə Bakının gündəliyinin qəbul edildiyini göstərir. Danışıqlar masasında istəyinə nail ola bilməyən Ermənistanın hər görüşdən sonra təxribat addımlarının iki məqsədi var. Birincisi, Azərbaycanı qarşıdurmaya sövq etmək, sülh sazişinin imzalanması şərtlərini ağırlaşdırmaq, bununla vaxt qazanmaqdır. İkincisi, mümkün qarşıdurma ilə razılaşdırılan məsələlərin icrasından yayınmağa, yaxud prosesi uzatmağa əsas yaratmaqdır. Digər əsas səbəbi isə niyə xüsusilə, Laçın və Kəlbəcər istiqamətində təxribatların törədilməsində axtarmaq lazımdır.

İşğaldan azad edilmiş ərazilərdə Zəngilandan Laçına qədərki sərhədi de-fakto müəyyən edilmiş hesab etmək olar. Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhədin müəyyən edilməsində isə Ermənistan tərəfi problemlər yaradır.

İrəvan çalışır ki, bu istiqamətdə üçüncü tərəflərin qüvvələri yerləşdirilsin. Əvvəlcə KTMT-nin gəlişinə çalışırdı, buna nail ola bilməyəndə “beynəlxalq müşahidəçilər” adı ilə Qərb ölkələrinin iştirakını ortaya atdı. Bu, həm də KTMT-nin gəlişinə mane olan Rusiyanı razı salmağa hesablanmış gediş idi. Fikrimcə, Brüssel görüşlərindən sonra xüsusilə Laçın-Kəlbəcər istiqamətində təxribatların törədilməsi Paşinyanın “beynəlxalq müşahidəçilərin gəlişi” dediyi təklifini aktuallaşdırmaq, kənar müdaxiləyə zəmin yaradacaq situasiyanın yetişməsinə nail olmaqdır. Belə cəhdlərin davamı olacaq, hərçənd ki, proseslərin indiyə qədərki inkişafı İrəvanın istəyinə nail ola biləcəyinin çətin olduğunu deməyə əsas verir.

– Xankəndi ətrafında da müəyyən hərəkətlilik var. Məsələn, erməni əsilli rusiyalı milyarder Vardanyan Xankəndiyə köçəcəyini bildirib. Eyni zamanda, digər imkanlı erməniləri də buna səsləyib. Bunun arxasında nə dayanır?

– Vardanyanın Xankəndiyə köçməsində üç tərəfin – Qərbdəki erməni diasporunun, Vardanyanın özünün və Rusiyanın maraqları var. Paşinyanın “status tələbini aşağı salmaq” açıqlamasından sonra İrəvanla separatçı rejim arasında körpülər zədələndi. Hətta Xankəndidə “Paşinyan satqındır” şüarları qondarma rejimin özü tərəfindən təşviq edilir. Qərbdəki erməni diasporu Qarabağdakı separatçı rejimin mövcudluğunu saxlamağa çalışır, çünki Qarabağ diasporun dayağı hesab ediləcək erməni ideologiyasının bir hissəsidir. Bu baxımdan, Vardanyan kimi erməni diasporuna və lobbisinə yaxın milyarderlərin Qarabağa köçməsində, pul yatırmasında maraqlıdırlar. Vardanyanın bu prosesdə qazancı daha çoxdur. Çünki Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onların biznesinə ciddi şəkildə təsir edib, o cümlədən, Vardanyanın adı sanksiyalardan yayınaraq, “çirkli pulların” yuyulmasında hallanır. Vardanyan bundan xilas olmaq, həm də Qərblə əlaqələri saxlamaq üçün Qarabağa köçür, bura maliyyə yatırır və erməni diasporunun dəstəyini əldə edir. Onlar vasitəsilə həm “çirkli pulların” yuyulması işini həyata keçirə, həm də Qərbin sanksiyalarından yayınmaq imkanı qazana bilər.

– Bəs Rusiyanın qazancı nədir?

– Rusiyanın iki məqsədi var: birincisi, Qarabağdakı ermənilərin təminatını Vardanyan və onun digər erməni biznesmenlərinin bura gətirəcəyi maliyyəsi hesabına həyata keçirməkdir. İkincisi, istisna deyil ki, Vardanyan erməni diasporu-lobbisinin köməyi ilə “yuyacağı” “çirkli pullar” təkcə özünün yox, həm də Rusiyanın digər oliqarxlarının da olacaq.

– Yəni ki, Vardanyanın Xankəndiyə yerləşdirilməsi Rusiyanın planının tərkib hissəsidir…

– Qeyd etdiyim kimi, Rusiyanın da bu prosesdə öz maraqları var. İstisna deyil ki, Vardanyana separatçı rejimdə hansısa formada təmsilçilik də veriləcək, qondarma “nazir” postlarından biri, yaxud başqa bir “vəzifə”. Bununla, onun Qarabağdakı fəaliyyəti “legitimləşdiriləcək”, eyni zamanda, separatçıların adından Qərb ölkələrində danışıqlar aparmaq missiyasını da həyata keçirə bilər.

– Daha bir məsələ isə Ermənistan Təhlükəsizlik Şurasının katibinin icazəsiz olaraq Xankəndiyə səfəridir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəsmilərindən kimsə Xankəndiyə gəlməmişdi. İndiki halda Qriqoryanın belə bir addım atmasının səbəbi nədir?

– Qriqoryanın gəlişi, xüsusilə, erməni separatizminin başlanmasının 31-ci ildönümündə bunu etməsi Paşinyan hakimiyyətinin dəstəyi kimi görünür. Müharibədən sonra yüksək səviyyəli erməni rəsmilərin gəlməməsi hakimiyyətə qarşı əsas ittihamlardan biridir və Qriqoryan bu ittihamların önünə keçir. Lakin bu versiyanı zəiflədən məqamlar var.

Birincisi, səfərlə bağlı heç bir rəsmi açıqlama verilmədi. İkincisi, gülqoyma mərasimi zamanı Qriqoryanın yanında heç kim yox idi. Əgər əsas məqsəd “Paşinyan “Arsax”a dəstək verir” rəyini yaratmaq olsaydı, bu səfəri və gülqoymanı geniş tirajlayar, bunun üzərindən təbliğat aparardılar. Lakin Qriqoryanın Xankəndiyə gəlişi səssiz oldu. Digər tərəfdən, onun səfərlə bağlı paylaşımında separatçıların qondarma “müstəqillik günü” ilə bağlı heç bir qeyd yazmaması da bu kontekstdə diqqət çəkir. Fikrimcə, bu səfərin məqsədi separatçılarla danışıqlar aparmaq, İrəvanın zəifləyən mövqelərini bərpa etmək, eyni zamanda, Xankəndidə baş verənləri anlamaq idi.

– Belə fikirlər var ki, Paşinyan da qanunsuz olaraq Xankəndiyə səfər edəcək. Qriqoryan bu səfəri hazırlamaq üçün Xankəndiyə gəlib. Paşinyanın gəlişi nə qədər realdır?

– Paşinyanın gəlişini və buna hazırlıq getdiyini də istisna etmək olmaz. Lakin bu versiya zəifdir, hər-halda qarşıdakı dövrdə reallaşması çətin görünür. Nikolun Qarabağa gəlişi Azərbaycanla ciddi qarşıdurmanın yaranmasına və indiyə qədər aparılan danışıqların tamamilə alt-üst olmasına gətirib çıxara bilər. Belə bir səfər müharibədən öncə Paşinyanın “Qarabağ Ermənistandır” iddiasının yaratdığı effektin yaranması ilə nəticələnər. Bu baxımdan, hesab edirəm ki, Moskva da, Brüssel də belə səfərdə maraqlı deyil. Digər tərəfdən, heç bir tərəf Bakının buna qarşı hansı reaksiya verəcəyini, hansı addım ata biləcəyini də müəyyənləşdirə bilmir. Yəni ki, Paşinyanın təhlükəsizliyinə zəmanət Azərbaycandan asılıdır. Digər tərəfdən, Paşinyanın Xankəndidə necə qarşılanacağı da problemlərdən biridir. Çünki artıq separatçı rejim də ona qarşı təbliğatda iştirakçılardan birinə çevrilib. Fikrimcə, belə bir səfərin ehtimalı zəifdir. Amma Paşinyan hakimiyyəti Xankəndidəki mövqelərini qorumağa çalışacaq, bu istiqamətdə işləyəcək. Bu mövqe Azərbaycanla danışıqlarda istifadə olunan kartlardan biridir.

– Baş verənlərin fonunda rəsmi Bakının atmalı olduğu və atacağı addımlar nədən ibarət olmalıdır?

– Azərbaycan diplomatik sahədə Ermənistanın Qarabağdakı separatçılar üzərində təsirini tamamilə itirməsində maraqlı olmalı, buna çalışmalıdır. Bu, İrəvanın danışıqlarda “Qarabağ kartı”ndan məhrum olması ilə nəticələnə bilər. Buna paralel olaraq, erməni əhali üzərində iş aparılmalıdır. Birincisi, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi, ikincisi, Azərbaycan cəmiyyətinə inteqrasiya olmadan bölgədə yaşamağın çətinliyi məsələsidir. Həyat üçün vacib olan su, elektrik, qaz, internet kimi ehtiyaclar var, zaman-zaman ermənilərin bu ehtiyaclarının ödənməsində çətinliklər yaradılmalıdır. Yəni ki, heç bir problemlərinin olmaması separatçı rejimin erməni əhalisi üzərindəki təsirini saxlamağa şərait yaradır. Rahat yaşamaq da mövcud vəziyyətin davam etməsinə imkan verir. Bu şərtləri bir qədər çətinləşdirməyə ehtiyac var. Bununla yanaşı, erməni qoşunlarının qalıqlarının tamamilə çıxarılması və separatçıların tərkisilah edilməsi məsələsi aktuallaşdırılmalıdır ki, qarşıdakı dövrdə bunun aktuallaşacağını düşünürəm. Eyni zamanda, Xankəndini Ermənistana bağlayan yeni yola nəzarəti gücləndirməli, hələki postlar qura bilmiriksə, ən azı vizual nəzarət artırılmalıdır.