İş axtaranların HR-ların nitqində bəyənmədiyi hallarbackend

İş axtaranların HR-ların nitqində bəyənmədiyi hallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaur Cahangirov
ÜTÜ QRUP-un rəhbəri, natiqlik təlimçisi

NOCOMMENT.az xəbər verir ki, bugünkü obrazımızın adı Kapitaldır. El arasında onu “İnsan Kapitalı” ləqəbi ilə tanyırlar. Kapital müsahibələrə gedir və fərqli “HR”ları dinləyir. Aramızda qalsın, amma onların nitqlərində bəyənmədiyi detalları gəlib mənimlə bölüşür. Mən də istəyirəm ki, onun dediklərini sizinlə paylaşım. Siz də yazımı “HR”lara göndərərsiniz və Corc Oruellin “1984” romanında yazdığı kimi deyərsiniz: “Böyük qardaş baxır”.

Problemlərdən biri “HR”ların Azərbaycan dilində yaxşı danışa bilməmələridir. Varvarizmlərə üstünlük verilir. “IIIII”, “mmmmm”, “şeyyyyy” tipli parazitlərdən istifadə edirlər. Hətta Kapital mənə dedi ki, elə “HR” var ki, 1 cümlədə 3 dildən istifadə edir. Kapitalı razı salmaq üçün mənim təklifim aktiv söz ehtiyatının artırılması oldu. Bunun üçün ən gözəl yol dinləmə üsuludur. Yutubda Raqif Raufoğlunun səsləndirdiyi audio kitabları asudə vaxtınızda dinləyə bilərsiniz.

Kapital əlavə etdi ki, bəzi “HR”lar robot kimi danışır. Şablon suallar, süni diksiya adamı yorur. Burada təklifimiz budur: “Kölgələmə üsulu”. Yaxşı danışan insanların cümlələrini təkrarlayaq və onlarda olan yaxşı tərəfləri mənimsəyək. Qeyd edim ki, bir nəfəri yox, bir neçə nəfəri eyni anda dinləmək daha müsbət nəticə verər.

İradlardan biri də dinləmə bacarığı ilə bağlı idi. Kapital bildirirdi ki, sözümü tez-tez kəsirdilər. Bununla bağlı maraqlı bir hekayə də var:

— Mənə natiqliyi neçəyə öyrədərsən?
— 2 qızıla.
 — Amma sən dostuma 1 qızıl demişdin axı!
— Doğrudur. Çünki o susmağı bacarırdı, mən ona  sadəcə yaxşı danışmağı öyrətdim.
Sən isə dayanmırsan.Əvvəlcə sənə susmağı öyrətməliyəm…

Reallıq budur ki, qarşı tərəfi öyrənməyin ən gözəl yolu onu dinləməkdir.

Bunlar Kapitalın müsahibələrdə müşahidə etdiyi bəzi ünsiyyət problemləridir. Qeyd edim ki, Kapital deyingən olsa belə, üslubunu, nitqini bəyəndiyi “HR”lar haqqında da mənə danışıb. Ən çox yadımda qalan cümlələri isə bunlar idi: “Bəzi “HR”lar elə danışırdı ki, zövq alırdım. Mənə motivasiya olurdu. Neqativ cavab alanda belə səmimiliklərindən dərs götürürdüm. Səs tonlarından istifadə bacarıqları buna təsir edirdi.Üzümə səmimi formada gülən HR-lar stressimi azaldırdı”.

Kapital və Kapital kimi müsahiblərin əsas istəkləri bunlardır: “Gözəl danış və məni dinlə”. Bu ikisini bacarmağımız diləyiylə…\\Valyuta.az