İşçiləri azərbaycanlı milyarderə qarşı – ŞİKAYƏTbackend

İşçiləri azərbaycanlı milyarderə qarşı – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərhad Əhmədova məxsus rezidensiya və malikanələrdə təmir-tikinti işlərinə cəlb edilən bir qrup işçi milyarderə qarşı piketə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, təmir-tikinti işlərinə cəlb edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləyən şəxslər Moderator.az -a müraciətlərində milyarder Fərhad Əhmədovun 2 il ərzində onlarla insanın haqqını qəsb etməsinə etirazlarını bildiriblər.

Saytımıza göndərilən şikayət məktubunu təqdim edirik:

“Biz, aşağıda imza edənlər, ölkəmizdə işsizliyin aradan qaldırılması məqsədilə inşaat sektorunda ixtisaslı fəhlə, savadlı usta, təşkilatçı briqadir, təcrübəli mühəndis yetişdirmə və işlə təmin etmə istiqamətində 2008-ci ildə qurulmuş Rezident Az İnşaat Platforması vasitəsilə müxtəlif vaxtlarda və müxtəlif coğrafiyalarda təmir-tikinti işlərində işləyən Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər növbəti layihəyə – Göyçay rayonu, Potu və İsmayıllı rayonu Kürdmaşı kəndlərində yerləşən, Fərhad Əhmədova məxsus rezidensiya və malikanələrdə təmir-tikinti işlərinə cəlb edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləmişik. Tikinti işlərinin təhvil verildiyi 2019-cu ilin aprel ayından Fərhad Əhmədov müxtəlif bəhanələr gətirərək bizə olan borcunu ödəməkdən imtina edir. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli audit yoxlama aparan mütəxəssislər, 1 dəfə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir. Onlarla insanın ümumilikdə 510 min manata yaxın pulu ödənməmiş olaraq qalır.

Yuxarıda adı qeyd olunan şəxsin onlarla Azərbaycan vətəndaşına qarşı kobud hüquq pozuntu halının qarşısının alınması məqsədilə biz Göyçay və İsmayıllı İcra Hakimiyyətlərinə müraciət edərək Fərhad Əhmədova məxsus, Göyçaydakı “AZNAR” QSC-nin və İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “KƏND” MMC-nin qarşısında piket keçirilməsi üçün icazələrin verilməsini istəmişik. Sizdən Fərhad Əhmədovun bu özbaşınalığına qarşı haqq mübarizəmizə dəstək olmanızı istərdik. 2 il onlarla insanın haqqını qəsb etmək dünya miqyaslı iş adamına, azərbaycanlıya yaraşmaz!

Fərhad Əhmədov əcəba eyni davranışı Rusiya vətəndaşlarına qarşı da sərgiləyə bilərmi, çox maraqlıdır? Köməkliyinizlə baş vermiş haqsızlığın aradan qaldırılacağına və onlarla zəhmətkeş insanın haqlarının ödənəcəyini ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk.

Hörmətlə, haqları Fərhad Əhmədov tərəfindən qəsb edilmiş onlarla Azərbaycan vətəndaşı.”