Azərbaycanda 60 yaşdan yuxarı şəxslərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunması ilə bağlı yeni təklif irəli sürülüb.
Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində bu məsələ öz əksini tapıb.
Məruzədə 60 yaşdan yuxarı olan şəxslərin Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin və halların siyahısına daxil edilməsi təklif olunur. Yəni təşəbbüs qəbul olunacağı təqdirdə, bu yaş kateqoriyasına aid işçilərlə əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğvi daha ciddi hüquqi məhdudiyyətlərə tabe olacaq.
Hazırda Əmək Məcəlləsində bəzi kateqoriyadan olan işçilərin – məsələn, hamilə qadınların, üç yaşınadək uşağı olan qadınların və müəyyən sosial statusa malik şəxslərin əmək müqaviləsinin ləğvi xüsusi hallarla məhdudlaşdırılıb. Yeni təklif isə yaş faktorunun da qorunan kateqoriyaya daxil edilməsini nəzərdə tutur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, bu təşəbbüs sosial baxımdan müsbət qiymətləndirilə bilər.
Onun sözlərinə görə, 60 yaşdan yuxarı şəxslər əmək bazarında daha həssas qrup hesab olunur:
“Bu yaşda olan insanların yeni iş tapmaq imkanları xeyli məhduddur. İşəgötürənlər daha çox gənc və orta yaş qrupuna üstünlük verirlər. Nəticədə yaşı 60-ı keçmiş və işini itirmiş şəxslər uzun müddət işsiz qala bilirlər. Bir çox hallarda insanlar həm sosial aktivliyini qorumaq, həm də maddi təminatını gücləndirmək üçün işləməyə davam edirlər. Bu baxımdan onların əmək müqaviləsinin əsassız şəkildə ləğv edilməsinin qarşısının alınması sosial ədalət prinsipinə uyğundur”.
Bununla yanaşı, Əli Cabbarov hesab edir ki, təşəbbüs qəbul edilərsə, balanslı mexanizmlər də nəzərə alınmalıdır:
“İşəgötürənlərin də maraqları qorunmalıdır. Əgər müəssisədə struktur dəyişikliyi, ixtisar və ya obyektiv səbəblər varsa, bu halların hüquqi çərçivəsi aydın şəkildə müəyyənləşdirilməlidir. Əks halda, biznes mühitində əlavə inzibati yük yarana bilər. İnkişaf etmiş ölkələrdə yaş ayrı-seçkiliyinə qarşı ciddi hüquqi mexanizmlər mövcuddur və Azərbaycan da bu istiqamətdə addımlar ata bilə. Əsas məqsəd yaşa görə diskriminasiyanın qarşısını almaqdır.
Eyni zamanda, yaşlı işçilərin peşə bacarıqlarının artırılması, yenidən ixtisaslaşma proqramlarına cəlb olunması da vacibdir. Təkcə qadağa mexanizmi kifayət deyil, paralel olaraq aktiv məşğulluq siyasəti də gücləndirilməlidir”.
Tunar
NOCOMMENT.az













