İş müsahibəsində namizədlərin diqqət etdiyi məqamlardan biri də əməkhaqqı məsələsidir. Şirkətlər işçi onları seçsin deyə maaş məsələsində yanlış informasiya verə bilirlər. Məsələn, söz verilir ki, bir müddətdən sonra maaşınız artacaq. Həmin müddət bitdikdən sonra maaş artımı edilmir. Bu hallar iş dünyasında tez-tez rastlaşılan hallardandır. Həmin işçilər maaş artımı istəyəndə, maddi vəziyyətin buna imkan vermədiyi kimi cavablar alırlar. Bu cür hallarla üzləşməmək üçün namizədlər nələri bilməlidir? Şirkətlərin bu cür davranışının nəticəsi nə ola bilər?
NOCOMMENT.az xəbər verir ki, valyuta.az-a danışan Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssisi Saleh Həsənov deyir ki, əgər hansısa müddətdən sonra əməkhaqqı artımı olacağı bildirilirsə, bu, əmək müqaviləsində qeyd edilsə yaxşı olar: “Əgər iş müsahibəsində sizə hazırda maaşınızın 1000 manat olacağını, amma 6 ay sonra 1300 manata çatdırılacağı ilə bağlı söz verilibsə, yaxşı olar ki, bu, əmək müqaviləsinə daxil edilsin. Əmək müqaviləsində əməkhaqqının başlanğıc üçün və sonrakı zamanlar üçün məbləğini yazmaq üçün kifayət qədər imkanlar var. Əmək müqaviləsində bu halları razılaşdıra bilərlər. Bunun üçün isə əmək müqaviləsi ilə çalışmaq önəmlidir”.
S.Həsənovun sözlərinə görə, müqavilədə olmasa belə, şirkət maaş artımı ilə bağlı söz veribsə, sözünü tutmalıdır. Bu da qarşılıqlı anlaşma və kriteriyalar şəraitində olmalıdır: “Əgər hər hansısa, göstəricilərin olduğu zaman maaş artımı olacağını deyirlərsə, o zaman da maaş artmalıdır. Əks halda, həmin şirkət işçini itirmiş olacaq. Hətta işçi işdən çıxmasa belə, əvvəlki motivasiya ilə çalışmayacaq. Şirkətlər maaş artımı məsələsində əvvəlcədən verdikləri sözləri tutmalıdırlar, çünki şirkətə inam və güvən məsələsi bunun üzərində formalaşır. Buna görə də, mütləq şəkildə işçi ilə şirkətlər arasında yazılı anlaşma olmalıdır ki, şirkətlər bununla bağlı daha daha çox məsuliyyətli olsunlar”.