Lerik Rayon Osyodərə kənd ibtidai məktəbinin müəlliməsi Fərqanə Məmmədova işdən çıxarılıb.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,bundan sonra Fərqanə Məmmədova məhkəməyə müraciət edib.
O, Osyodərə kənd ibtidai məktəbi ilə yanaşı, Lənkəran-Astara Regional Təhsil İdarəsini də məhkəməyə verib. Fərqanə Məmmədova işə bərpa olunmasını və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsini tələb edir. Onun iddiasına Lerik Rayon Məhkəməsində baxılacaq. Yusif Zeynalov iş üzrə hakim təyin edilib.
Qaynarinfo təfərrüatları öyrənmək üçün Osyodərə kənd ibtidai məktəbinin direktoru Cəmil Nağıyevlə əlaqə saxlayıb. Direktor bildirib ki, Fərqanə Məmmədova sertifikasiyadan keçmədiyi üçün işdən çıxarılıb.
“Hər hansı başqa problem yoxdur. Sadəcə sertifikasiyadan keçməyib, nazirlikdən də onun çıxarılması ilə bağlı əmr gəlib. Beləliklə, Fərqanə Məmmədova Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, yəni özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün işdən çıxarılıb”, – deyə Cəmil Nağıyev əlavə edib.