İşdən çıxarılan Qarayevin qara günləri başlayır – prezidentdən yeni xəbərdarlıqbackend

İşdən çıxarılan Qarayevin qara günləri başlayır – PREZİDENTDƏN YENİ XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev mədəniyyət naziri Əbülfəs Qarayev haqda çoxdan gözlənilən sərəncamını imzaladı; dövlət başçısı iki rayona təyin edilən icra başçıları ilə videokonfransda “pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək” dedi; baş prokurorun müavinləri də işdən çıxarıldı.

Mayın 21-də prezident İlham Əliyev bir sıra mühüm qərarlar verib. Prezident mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Azərbaycanın uzunömürlü nazirlərindən biri də Ə.Qarayev idi. Ə.Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu.

Ə.Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Ə.Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı.

DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavinin, həmçinin idarə rəisinin həbsi nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onu istefa verməsi və istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı. 14 ildir mədəniyyət sahəsinə rəhbərlik edən Qarayevin işdən necə(öz ərizəsi ilə) ayrıldığı haqda təfərrüat hələ ki, yoxdur. Amma cəmiyyət Prezidentin tezliklə belə bir qərar verəcəyini gözləyirdi. Sabiq nazirin həbslərlə bağlı artıq istintaqa cəlb edildiyi ilə bağlı məlumatlar da var. Mayın 8-də məhkəmənin qərarı əsasında, Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Yada salaq ki, iki il əvvəl müavini təyin edilmiş Rafiq Bayramov uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Yeni mədəniyyət nazirinin kimin ola biləcəyi ilə bağlı ən müxtəlif iddialar var. Amma bu istisnasız olaraq dövlət başçısının səlahiyyətində olan məsələdir və bu səbəbdən konkret adlar çəkmək məqsədəuyğun deyil.

Müsavat.com