İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlarbackend

İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə görünür ki, “İsgəndər” sonda Rusiyada, daha dəqiq onun silah bazarının başında partlayacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

“1. Vətən müharibəsi qalibiyyətlə başa çatan anda Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan Qarabağda “İsgəndər”dən istifadə edildiyini bildirdi. O zaman bu raketlərin bir neçəsinin Azərbaycana atıldığı, Bakı üzərində Azərbaycan HHM tərəfindən zərərsizləşdirilməsi ilə bağlı məlumatlar da mediada yer alırdı.

2. Ardınca Paşinyan bu raketdən istifadə edildiyini, lakin onun keyfiyyətsiz olması səbəbindən cəmi 10%-nin partladığını açıqladı.

3. Ermənistan Baş nazirinin bu rəsmi açıqlaması Rusiyada şok effekti yaratdı. Rusiyanın rəsmi mənbələri Rusiyanın ən məşhur silahını “keyfiyyətsiz” ittihamından qorumaq üçün bunun yalan olduğunu bildirdi.

4. Paşinyan Rusiyanın sərt reaksiyasından sonra ona səhv məlumat verildiyi və raketdən istifadə edilmədiyini bildirdi.

5. Prezident İlham Əliyev xarici medianın diqqətini cəlb edən məşhur “4 saat”lıq mətbuat konfransında “İsgəndər”dən istifadə ilə bağlı Azərbaycan tərəfdə hansısa sübutların olmadığını açıqlamışdı. Güman etmək olardı ki, o zaman bizim hərbi komandanlığın əlində yetərli sübutlar olmayıb və ya Rusiyanı qıcıqlandırmaq məqsədəuyğun hesab edilməyib.

6. Nüfuzlu beynəlxalq, yerli media və ekspertlər isə Ermənistanın “İsgəndər” raketindən Azərbaycana qarşı istifadə etdiyini açıqlamaqda davam edirdilər.

7. Ötən gün ANAMA İsgəndər-M raketinin qalıqlarının Şuşada tapılması haqqında sensasiya yarada biləcək açıqlama ilə çıxış etdi.

Deməli, müharibə zamanı Azərbaycana qarşı “İsgəndər” raketindən həqiqətən də istifadə edilib.

Qaranlıq məqamlar

Rusiya tərəfi hər zaman bildirib ki, Ermənistana uzaqmənzilli İsgəndər-M deyil, onun daha zəif – eksport versiyası olan İsgəndər-E raket kompleksini satıb. Qalıqları aşkar edilən isə İsgəndər-M raketidir.

Belə olan halda suallar yaranır ki, bəs İsgəndər-M raketini Azərbaycana, Şuşaya, o cümlədən Bakıya kim atıb və haradan atılıb? Güman ki, bu sualların cavabını Rusiya və Azərbaycanın hərbi komandanlığı çox yaxşı bilir.

ANAMA-nın açıqlamasına Müdafiə Nazirliyi hələlik reaksiya verməyib”.