İŞİD-dən sonra Suriya – ABŞ, Rusiya və İranın PKK layihəsi – TƏHLİLbackend

İŞİD-dən sonra Suriya – ABŞ, Rusiya və İranın PKK layihəsi – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD Suriyada PKK terror qruplaşmasının istəklərinin reallaşmasına dəstək göstərib. Terrorçuların işğal etdiyi ərazilərə indi PKK-nın YPG-PYD adlı qolları “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında nəzarət edir. On il əvvəl, 2014-cü ilin birinci yarısında İŞİD Suriyanın şimal və şimal-şərq bölgələrini ələ keçirmişdi. Neftlə zəngin bu bölgələr PKK/YPG-PYD silahlı qruplaşmalarının nəzarəti altındadır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu torpaqlar İŞİD-in işğalı altında olanda həmin ərazilərdən Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və dövlətçiliyi təhdid olunurdu. Onlar bölgədən qovulduqdan sonra ərazi PKK-nın yerli qollarının əlinə keçib. Bu terror qruplaşması Aralıq dənizinə çıxış əldə etməklə Türkiyə üçün təhlükə yaratmağı planlaşdırmışdı. Ancaq Türkiyənin apardığı antiterror əməliyyatları nəticəsində bu təhlükə azalıb. Bununla belə həmin qruplaşma anti-Türkiyə fəaliyyətini davam etdirir.

Suriya PKK terrorçu qruplaşmasının yuvalarındandır. Terrorçuların lideri sayılan Abdullah Ocalan orada sığınacaq tapmışdı. 1998-ci il oktyabrın 9-da Suriyadan çıxarılmış, beş ay sonra Keniyada həbs olunmuşdu.

Bu, Suriyadakı hakimiyyətin terrorçu PKK-dan Türkiyəyə qarşı istifadə etdiyi qənaətinə gəlməyə əsas verir. Son zamanların olayları İŞİD-in PKK/YPG-PYD-ə üçün yol açdığını ehtimal etməyə əsas verir.

Bu qruplaşma Suriyanın şim alında “dövlət” qurmağa çalışır. O, Fərat çayının şərqində “yerli seçkilər keçirməyə” cəhdlə “muxtar bölgə” qurmağa çalışır. “Seçkilər” mayın 30-da keçirilməli idi, ancaq bu “tədbir” iyunun 11-dək ertələnib.

PKK Suriyanın Menbiç, Afrin, Tel-Rifat, Rakka-Tabak, Deriyzor, Hasake, Kamışlı, Ay İsa, Çelebiye, Cerablus bölgələrini “muxtar” ərazisi elan etmək istəyir. Qərbin dəstəyi ilə YPG-PYD bu ərazilərə altı ildir nəzarət edir.

Qərbin 12 ölkəsi terrorçuların işğalı altında olan ərazilərdə “seçkilərin” keçirilməsinə hərtərəfli dəstək verir. Qərbdən arxayın olan PKK terror qruplaşması Rusiyanın dəstəyinə böyük əhəmiyyət verir. Bunun üçün Moskva ilə isti təmas yolları axtarır. Məlumatlara əsasən, terrorçuları təmsil edən nümayəndə heyəti Rusiya təmsilçiləri ilə görüşmək üçün Kamışlıdan onların Suriyanın Himeymim şəhərindəki bazasına gedib. Onların Bəşşar Əsədin nümayəndələri ilə görüş keçirməsi nəzərdə tutulub. Terrorçuların qərblilərin çəkdiyi xəritənin Rusiya və Əsəd administrasiyasının təsdiq etməsinə çalışdıqları bildirilib. PKK-nın muxtariyyətin elanı mənasına gələn qondarma seçkini iyunun 11-də keçirdiyi halda, Suriyadakı Əsəd rejimi iyulun 15-də parlament seçkiləri keçirəcək. Bəzi mənbələr bildirir ki, PKK ilə Əsəd arasında gizli qapılar arxasında danışıqlar davam edir, gizli ittifaq qurulur.

Rusiya, İran və Bəşşar Əsəd arasında bu istiqamətdə müzakirələrin olması ehtimalı var. Çünki rəsmi Moskva Suriyanın federallaşmasına bir zamanlar razılıq vermişdi. Hətta, o, əvvəlcə Suriyanın parçalanması planına belə razılıq verirdi. Ancaq sonra baş verənlərə görə bundan imtina etdi. Kreml Suriyadakı siyasi qüvvələr adından yeni konstitusiyanın və siyasi prosesin tənzimlənməsinə də bir zamanlar ev sahibliyi etmişdi. Onu da nəzərə almaq lazımdır ki, Kreml PKK-nı terrorçu qruplaşma kimi tanımır. Bundan başqa onun PYD adlı qoluna Sankt-Peterburqda qərargah belə vermişdi. Nəzərə alsaq ki, PKK keçmiş SSRİ tərəfindən Türkiyəyə qarşı yaradılıb, onda Suriyada bu qruplaşmanın istəklərinə onun razılıq verməsinin mümkünlüyünü qəbul etmək olar.

Yeri gəlmişkən, mövcud əsas qanunun birinci maddəsinə görə, dövlətin adı “Suriya Ərəb Respublikası” adlanır. 2017-ci ildə Rusiyanın təqdim etdiyi konstitusiya layihəsində bunun “Suriya Respublikası” adına dəyişdirilməsi təklif olunur.

Məlumata görə, layihədə ölkənin ərazi bütövlüyü qorunub saxlanılsa da, kürdlərə “muxtariyyət” verilməsi təklif edilmişdi. Ölkənin mövcud konstitusiyasında “Suriyanın prezidenti müsəlman olmalıdır” maddəsi layihədə aradan qaldırılmışdı.

Layihədə ərəb olmayan bölgə əhalisinin öz dilini seçmə haqqı tanınır. Bu, Suriyadakı kürdlərə “muxtariyyətdə” kürdcənin rəsmi dil elan etməsinə yol açır.

Mayın 30-da İranın ali rəhbəri Seyid Əli Xamənei Suriyadakı rejimin başçısı Bəşşar Əsədi qəbul edib. Görüşdə Qəzza zolağındakı, regiondakı vəziyyətlə yanaşı, bəhs etdiyimiz “seçkilərlə” bağlı məsələnin də müzakirə olunduğunu ehtimal etmək olar. Çünki bu məsələ həm də İranın gələcək ərazisi baxımından da əhəmiyyətlidir. PKK-nın İranda fəaliyyət göstərən qolları ara-sıra İraqdan İslam Respublikası ərazisinə silahlı basqınlar edir. Ötən il Tehran rəsmi Bağdadı və ölkənin şimalındakı regional hökumətə ərazini bombalayacağına dair xəbərdarlıq etmişdi. Tərəflər arasında keçirilən danışıqlardan sonra bu istiqamətdə müəyyən sakitlik yaranıb. Bununla belə Suriya ilə bağlı məsələ gündəlikdən çıxmayıb. Bu ərəb respublikasında kürd etnik qrupu üçün daha bir “muxtar” qurumun yaradılmasına Tehran göz yuma bilər. Ancaq onlar bu istiqamətdə bir neçə şərt irəli sürə bilər: ABŞ və onun müttəfiqləri İranda hakimiyyət dəyişikliyinə yardım etməsin; İsrail-Fələstin münasibətlərində Tehranın da istəkləri nəzərə alınsın; İranın federallaşmasına və PKK-nın İran ərazisində fəaliyyətinə yol verilməsin və s.

İndiki şəraitdə Suriyanın federallaşması İrana vaxt udmaq üçün kömək ola bilər. Bundan başqa son zamanlar Türkiyənin hərbi rəsmləri İranı PKK terrorçularına qarşı mübarizədə zəif fəaliyyət göstərdiyini bildirirlər. Bu da terror qruplaşması ilə Tehran arasında müəyyən əlaqələrin olduğu ehtimalı irəli sürməyə imkan verir.

Suriyada kürd etnik qrupuna “muxtariyyətin” yaradılmasına Türkiyə həssaslıqla yanaşır. Rəsmi Ankara ABŞ və müttəfiqlərinə dəfələrlə PKK/YPG-PYD terror qruplaşmasını silahlandırmamağa çağırıb. ABŞ Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaratmaq siyasəti yürüdür, bunun üçün Suriyada Kürdüstan Fəhlə Partiyasından (PKK) istifadə edir.

Türkiyədə çıxan “Hürriyet” qəzeti vəziyyəti belə şərh edib: “Dünya Qəzza zolağında, Ukraynada məşğul olduğu bir vaxtda ABŞ sərhədimizdə “kiçik İsrail”in təməlini qoyur. PKK iyunun 11-də bölgədə yerli seçkilər keçirəcək”.

Qəzetin yazdığına görə, ABŞ diplomatı Brett Makqurk “PKK-nın himayədarıdır”.

Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Suriyada yeni dövlət quruluşunun yaranmasına yol verməyəcəklər.

Ölkənin Milli Təhlükəsizlik Şurasının mayın 29-da keçirilən toplantısında məsələ ilə bağlı belə bir qərar qəbul olunub: “İraq və Suriyada ələ keçirdiyi torpaqları terror yuvasına çevirən PKK/KCK-PYD/YPG-nin və ona verilən dəstəyin bölgəmizdə bütün ünsürləri ilə birlikdə aradan qaldırılacağı vurğulanıb. Milli təhlükəsizliyimizi və qonşularımızın ərazi bütövlüyünü pozacaq hər hansı bir uğursuzluğa imkan verilməyəcək”.

İraqın şimalında yaradılan regional idarəçiliyə oxşar bir qurumun Suriyanın quzeyində də yaratmağı planlaşdırırlar. Bu, ilkin mərhələ sayılır. Növbəti mərhələ isə bu iki şimalın bir dövlət kimi birləşməsidir. Daha bir neçə mərhələnin olacağı da istisna edilmir.

Bəşşar Əsəd ölkəsinin əvvəl federallaşamasına sonra parçalanmasına razılıq verəcək? Belə çıxır bu məsələdə razılıq var. Əvvəllər Suriya müxalifəti, Əsəd nümayəndələrinin görüşü keçirilərdi. Habelə Astana formatı bu ölkədə baş verənləri müzakirə edərdi. Hətta, Suriyanın yeni konstitusiyasının hazırlanmasına dair danışıqlar belə olub. Ancaq son illər sanki bütün bu istiqamətdə fəaliyyət dayandırılıb. Bu, sponsorların ölkə üzrə yeni planının olduğunu mülahizə etməyə əsas verir.

Beləliklə, sual yaranır – PKK/YPG-PYD yerli seçkiləri hansı qanuna əsasən keçirəcək? Qruplaşmanın nəzarəti altında olan bölgədə Suriya konstitusiyası fəaliyyət göstərmir. Belə şəraitdə yerli seçkilər legitim sayılmır. Başqa bir tərəfdən ölkədə istənilən yeni ərazi-idarəetmə formasının yaradılması isə referendumla həyata keçirilir. Suriyanın mövcud əsas qanununda ölkənin federallaşması məsələsi yoxdur. Beş milyon suriyalı ölkə xaricində didərgin vəziyyətində yaşayır. Başqa sözlə dörd milyon seçici səsvermə kimi başlıca hüquqlarının birindən məhrum olunub. Bu da Suriyada seçkilərin legitimliyinin tanınması üçün əsas amillərdəndir.

Səddam Hüseyn devrildikdən sonra 2005-ci ildə İraqda qəbul edilən yeni konstitusiyada kürdlərə regional idarəetmə hüququ verilib. Bölgənin məclisi və başqa qurumları var. Hətta “peşmərgə” adlanan silahlı qruplaşması belə mövcuddur. Bu muxtar sayılsa da İraq dövləti içində formal asılı, de-fakto müstəqil dövlətdir. 2017-ci ildə onlar müstəqilliklə bağlı referendum keçirməyə cəhd göstərdi. Onda rəsmi Bağdad bildirmişdi ki, belə bir addım atılarsa İraq ordusu məsələyə müdaxilə edəcək. Türkiyə və İranın təzyiqləri nəticəsində kürd qruplaşmasının liderləri bu iddiadan əl çəkdilər. Görünür, onlar bu dəfə hədəfə “mərhələli” çatmaq planı təklif olunub. Odur ki, PKK/YPG-PYD-nin havadarları qanundankənar olaraq Suriyada muxtariyyət yaratmağa səyi göstərsə Bəşşar Əsəd belə bir addım atar? Belə ehtimal etmək olar ki, o, ənənəvi olaraq yenə Rusiya və İranın barmaqlarına baxacaq. Yaxın Şərqdə fəallaşmaq istəyən Çin məsələyə necə baxacaq? Bütün hallarda Suriyada İŞİD-dən sonra “SDQ planı” reallaşdırılır. PKK-nın layihəsini həyata keçirməyə çalışırlar. Bunu ABŞ-Rusiya-İran və PKK-nın birgə layihəsi də adlandırmaq olar.