Yaxın Şərqdə gərginlik səngimək bilmir. İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənub bölgələrində “Hizbullah” qruplaşmasının mövqelərinə qarşı genişmiqyaslı hava hücumlarını davam etdirir. Yerli mənbələrin məlumatına görə, son saatlarda həyata keçirilən bombardmanlar bölgədə ciddi dağıntılara və mülki əhali arasında təşvişə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, İsrail hərbi komandanlığı bu əməliyyatların ölkənin şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək və terror infrastrukturunu məhv etmək məqsədi daşıdığını bəyan edib. Şahidlərin bildirdiyinə görə, zərbələr əsasən “Hizbullah”ın silah anbarları, müşahidə məntəqələri və buraxılış qurğularının yerləşdiyi iddia edilən nöqtələrə endirilir. Livan tərəfi isə hücumlar nəticəsində yaşayış binalarının və mülki infrastrukturun da zərər gördüyünü bildirir.
Bölgədəki hərbi aktivlik beynəlxalq birliyi ciddi narahat edir. Diplomatik mənbələr gərginliyin tammiqyaslı müharibəyə çevrilməməsi üçün tərəfləri təmkinli olmağa çağırsa da, hər iki tərəfdən gələn bəyanatlar qarşıdurmanın hələ bir müddət davam edəcəyindən xəbər verir. Xüsusilə ABŞ-ın İrana qarşı dəniz blokadası və regiondakı digər hərbi gedişləri fonunda Livan cəbhəsindəki bu aktivlik Yaxın Şərqdəki ümumi mənzərəni daha da mürəkkəbləşdirir.
Sara,
NOCOMMENT.az









