İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan İran prezidenti İbrahim Rəisinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Məhsa Emininin posteri ilə zalda etiraz edib.
NOCOMMENT.az xəbər verir ki, Rəisi kürsüdə çıxış edərkən israilli diplomat Gilad Erdan keçən il polis nəzarətində ölən iranlı qadın fəal Emininin fotoşəkili ilə ayağa qalxıb.
Erdan “İran qadınları azadlığa layiqdir” yazılan posterlə salonda gəzərkən görüntülər X platformasında paylaşılıb.
Yazısında yüzlərlə iranlının BMT Baş Qərargahı qarşısında nümayiş keçirərək beynəlxalq ictimaiyyətdən kömək istədiyini qeyd edən Erdan həqiqət uğrunda mübarizədən əl çəkməyəcəyini və BMT-nin mənəvi təhriflərini ifşa etməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 13-də İranın paytaxtı Tehranda “əxlaq polisi” kimi tanınan rəhbər patrullar tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Emini sentyabrın 16-da dünyasını dəyişib.
Eminin ölümündən sonra 2022-ci il sentyabrın 17-də başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib.
Aylarla davam edən hadisələrdə 500-ə yaxın nümayişçi həlak olub, 100-dən çox polis məmuru həyatını itirib.