İsrail və HƏMAS çərşənbə günü Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasında gecikmələrlə bağlı ittihamlar irəli sürüblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
HƏMAS mətbuata açıqlamasında Qətər və Misirin vasitəçiliyi ilə Dohada aparılan danışıqların “ciddi şəkildə irəlilədiyini” bildirib. Bununla belə, qrup İsraili “qoşunların Qəzzadan çıxarılması, atəşkəs, məhbuslar və köçkünlərin geri qaytarılması ilə bağlı yeni şərtlər” qoymaqda ittiham edib. HƏMAS iddia edir ki, bu şərtlər “əlçatan olan razılaşmanın əldə olunmasında gecikməyə” səbəb olub.
Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ın ittihamlarını rədd edən bəyanat yayıb. Orada deyilir ki, HƏMAS artıq əldə edilmiş razılaşmalardan imtina edib və “danışıqlara mane olur”.
İsrail, komandanın bir həftə ərzində “mənalı” müzakirələr apardığını bildirərək, çərşənbə axşamı Doha danışıqlarından nümayəndə heyətini geri çəkdi. “Komanda girovlarımızın qaytarılması ilə bağlı danışıqların davam etdirilməsi ilə bağlı daxili məsləhətləşmələr aparmaq üçün İsrailə qayıdır”, – departamentin bəyanatında deyilir.
İsrailin sahilyanı Fələstin anklavından çıxması və atəşkəsin müddəti əvvəlki uğursuz danışıqlar cəhdlərində əsas maneə olub. HƏMAS müharibəni tamamilə bitirməyə çalışır, İsrail isə hər hansı razılıq əldə edilməmişdən əvvəl HƏMAS-ı Qəzzaya nəzarətdən çıxarmaqda və hətta atəşkəsdən sonra da Fələstin anklavında hərbi mövcudluğunu saxlamaqda israr edir.