İsrailə səfirliyimizin açılışına gedən deputatlardan İrana MESAJbackend

İsrailə səfirliyimizin açılışına gedən deputatlardan İrana MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi olacaq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov tədbirdə iştirak etmək üçün sabah Tel-Əviv şəhərinə səfər edəcəklər.

Maraqlıdır, səfirliyin açılması Azərbaycan-İsrail münasibətlərinə necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, İsrailə səfərə hazırlaşan deputat Arzu Nağıyev Modern.az-a bildirib ki, səfirliyin açılması hər iki ölkə üçün mühüm əməliyyətə malikdir.

“Məlumdur ki, 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 1992-ci ilin aprel ayından diplomatik əlaqələrimiz mövcuddur. Bildiyimiz kimi, Bakıda və Qubada 30 minə yaxın yəhudi yaşayır. İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini çox uğurla davam etdirir. Həmçinin İsrail ölkəmizə ən yaxın olan dövlətlərdən biridir. Ciddi məqamlardan biri də odur ki, Azərbaycan sözügedən ölkə ilə strateji tərəfdaşdır. Eyni zamanda müasir silahlarla bağlı İsraillə müqavilələrimiz var. Həm mədəni, həm də mənəvi cəhətdən bir birimizə dəstək göstərən dövlətlərik. Bütün bunlar İsraildə səfirliyin açılması ilə bağlı mühüm amillərdən biridir. Məncə, səfirliyin açılması gələcəkdə müsbət addımların atılması üçün zəmin yaradır”, – deyə o bildirib.

A.Nağıyev vurğulayıb ki, İsraildə Azərbaycanın səfirliyinin açılması zəruri idi: “Əvvəllər belə düşünürdülər ki, Azərbaycan İsraildə səfirlik açsa, istər İran, istərsə də digər ərəb dövlətləri buna mənfi yanaşa bilər. Amma düşünmürəm ki, burada hansısa böyük problem var. Çünki bəzi ərəb ölkələrinin də İsraildə səfirlikləri fəaliyyət göstərir. Həmin dövlətlərə İordaniya və Misiri nümunə göstərmək olar. İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, İranın strateji tərəfdaşı olan Ermənistanın da İsraildə səfirliyi var. Hər dövlətin xüsusi xarici siyasəti var və burada dostluq, qardaşlıqdan əvvəl maraqlar gəlir. Bütün bunları nəzərə alaraq bildirmək lazımdır ki, İsraildə Azərbaycan səfirliyinin açılması zəruri idi. Məhz buna görə də belə qərar qəbul olundu. Artıq səfirimiz öz etimadnaməsini İsrail rəhbərliyinə təqdim edib. Düşünürəm ki, bu, iki ölkə arasında tərəfdaşlığı və yaxınlaşmanı daha da yüksəldəcək”.

Deputat Rasim Musabəyovun fikrincə, İsraildə səfirliyimizin açılması önəmli addımdır:

“Əslində İsraillə münasibətlərimiz yüksək səviyyədədir, ancaq səfirliyin olmaması münasibətlərin irəliləməsinə müəyyən çətinlik yaradırdı. Nəhayət, səfirliyin açılmasına qərar verildi və bundan sonra əlaqələrimiz daha da inkişaf edəcək. İsrail Azərbaycan üçün əhəmiyyətinə görə ilk sırada olan 5 dövlətdən biridir. Azərbaycanın bu ölkə ilə həm ticarət, həm də hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Səfirimiz əvvəl nazir müavini olub. İsrailə yüksək səviyyəli diplomatın səfir göndərilməsi çox düzgün seçimdir. İran təbii ki, bu məsələyə qısqanclıqla yanaşır. Ancaq səhv edir, çünki Azərbaycan İranın nazı ilə hərəkət etməyəcək”.