İtkin şəxslərin taleyinə aydınlıq gətirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyə zəmin yaradacaq – RƏYbackend

İtkin şəxslərin taleyinə aydınlıq gətirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyə zəmin yaradacaq – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitlik və sülh üçün əhəmiyyətli zəmin yaradacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov deyib.

Deputat vurğulayıb ki, avqustun 8-də Vaşinqtonda paraflanmış “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin IX maddəsində tərəflərin hər ikisinin də cəlb olunduğu hərbi münaqişə ilə bağlı itkin düşmüş şəxslər və məcburi yoxaçıxma hallarının həlli üçün tədbirlər görəcəyi, o cümlədən həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsini həyata keçirəcəyi açıq şəkildə nəzərdə tutulur.

O bildirib ki, bu müddəa Azərbaycanın Ermənistanın əlində olan məlumatları almaq hüququna malik olduğunu açıq şəkildə göstərir.

Müsahib diqqətə çatdırıb ki, sözügedən maddədə, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı ədalətin təmin olunması məqsədilə zəruri istintaq tədbirlərinin görüləcəyi xüsusi olaraq vurğulanır:

“Bu müddəa beynəlxalq hüquq baxımından münaqişə zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi, hadisələrin obyektiv araşdırılması və təqsirkar şəxslərin cəzalandırılması imkanını nəzərdə tutur”.

N.Həsənovun sözlərinə görə, zəruri istintaq tədbirləri yolu ilə itkin düşmüş və ya aqibəti məlum olmayan şəxslərə münasibətdə ədalətin təmin edilməsi təkcə hüquqi öhdəliklərin yerinə yetirilməsi deyil, həm də xalqlar arasında barışığın və qarşılıqlı etimadın qurulması üçün mühüm vasitədir:

“Bu kimi proseslər həm humanitar, həm də siyasi baxımdan 30 illik münaqişə dövründən sonra sülhün davamlılığını möhkəmləndirən amillərdən biridir. Ədalətin təmin olunması, günahsız zərərçəkmiş insanların taleyinə aydınlıq gətirilməsi və qarşılıqlı olaraq məsuliyyətin dərk edilməsi Cənubi Qafqazda uzunmüddətli sabitlik və sülh üçün əhəmiyyətli zəmin yaradacaq”.