İTTİHAM: Ocaq Necat insanlarımızı ələ almaq üçün İranın siyasəti idibackend

İTTİHAM: Ocaq Necat insanlarımızı ələ almaq üçün İranın siyasəti idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda Ocaq Necatın ofisinin olması, ümumiyyətlə, bizim qanunlara uyğun deyildi. İranın dini liderinin nümayəndəsinin bizim ölkəmizdə qalmasına nə ehtiyac var?”

NOCOMMENT xəbər verir ki, bunu modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev deyib.

O xatırladıb ki, İranın Azərbaycanda Mədəniyyət mərkəzi var, amma Azərbaycanın İranda belə bir təmsilçiliyi mövcud deyil: “Vaxtilə orada Mədəniyyət Mərkəzi açılması üçün dövlət olaraq çox çalışdıq. Lakin İran hakimiyyəti buna razılıq vermədi.

Ocaq Necat hələ 2000-ci illərdə bizim məscidlərdə moizə oxuyurdu. Dövlət Komitəsinin qərarı ilə onun bu moizələrinə qadağa qoyuldu. Təxminən 5 il o bu işdən ayrıldı. Təkcə Nardaran məscidində moizlərini davam etdirirdi.

Əslində Ocaq Necat çox güclü təbliğatçıdır, İslamın bilicisidir. İnsanları ələ almaq üçün onun bacarığı var, həqiqətən çıxış edəndə güclü kuratordur. O çıxış edəndə qarşısında durmaq və tabe olmamaq az adama nəsib olur. Ona görə, Ocaq Necat burada bizim insanları ələ almaq üçün İran tərəfindən tətbiq edilmiş ən ciddi siyasət idi.

Onun buradan getməsini istəsək də, belə bir qərar qəbul edilmirdi. Ümid edirəm ki, indiki hadisələrdən sonra Ocaq Necat İrana qayıdacaq. O, Nardaran hadisələrində də, digər məsələlərdə də Azəbaycana qarşı mənfi rol alırdı. Tək Azərbaycanın deyil, eyni zamanda Şimali Qafqazın və Orta Asiyanın kuratoru idi. Bütöv zonanı nəzarətində saxlama bacarığı var idi və bunu edirdi.

Ocaq Necatın ofisinin bağlanmasını çox doğru addım hesab edirəm. Onun buradan getməsi Azərbaycanda dini radikalizmin aradan qaldırılmasına çox müsbət dəstək verə bilər”.

Məsələnin dindarlar arasında gərginliyə səbəb olub-olmayacağına gəlincə, dinşünas bunu istisna edib: “Çünki Azərbaycanın özündə şiə və sünnilərin yaxşı liderləri formalaşıb və məscidlərdə moizələr oxuyurlar, televiziyada çıxışlar edirlər. Onlar üçün elə ən böyük maneə olan ofisin bağlanması fəaliyyətlərinə müsbət təsir edəcək. Əslində Azərbaycan dindarlarına moizələr oxuyan azərbaycanlı din xadimləri üçün bu durum daha yaxşıdır”.