Jurnalist Əlipənah Bayramov vəfat etdibackend

Jurnalist Əlipənah Bayramov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan jurnalistikasına növbəti ağır itki üz verib. Tanınmış qələm sahibi, “Xalq qəzeti”nin keçmiş şöbə müdiri Əlipənah Gülbala oğlu Bayramov ömrünün 76-cı ilinin tamamında dünyasını dəyişib.

Bu barədə NOCOMMENT.az-a Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu bildirib.

Əlipənah Bayramov 1946-ci il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalacda bitirib. Yeniyetməlik illərindən mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlayıb, 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Ail təhsil illərində özünü istedadlı və bacarıqlı qələm sahibi kimi təsdiq edən gənc jurnalist 2 il populyar “İdman”qəzetində çalışıb, 5 il Neft və Sənaye Universitetinin “Neft kadrları uğrunda” qəzetinin redaktotu olub.

1979-cu ildə ölkənin avanqard “Kommunist” qəzetinə işə dəvət edilən Əlipənah müəllim burada müxbir, baş müxbir və şöbə müdiri vəzifələrində çalışıb, uzun illər redaksiya heyətinin üzvü olub. Qəzet müstəqillik illərində nəşrini “Xaqlq qəzeti” adı altında davam etdirəndən sonrakı 30 il müddətində də təcrübəli jurnalist sevimli iş yerindən ayrılmadı. Çalışdığı bütün sahələrdə təşəbbüskarlığı, intizamı və yüksək peşəkarlığı ilə seçilmiş, jurnalistlərin yeni nəsillərinə örnək olmuşdu.

Əlipənah Bayramov müxtəlif mövzulu və janrlı çoxsaylı jurnalist yazılarının, dəyərli publisistika nümunəlrinin müəllifi idi. “Xalq qəzeti”ndə çap olunmuş və “Həyatım və mühitim” toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi həmkarımıza layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdü.

Ə.Bayramov 2005-ci ci ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı almışdı.

O, ömrünün son illərində də jurnalist axtarışlarını davam etdirirdi. Altmış ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı.

Allah rəhmət eləsin!